Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Azərbaycan, Türkiyə və Qətər regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlıdırlar və bu istiqamətdə birgə fəaliyyət göstərirlər.
Day.Az xəbər verir ki, müvafiq qaz alqı-satqı müqaviləsi və Türkiyə tərəfi ilə Svop razılaşması çərçivəsində Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.
Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.