AZ

Suriyaya tədarük olunacaq qazın ümumi həcmi açıqlandı

Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard kubmetrə qədər olacaq.

Trend xəbər verir ki, bu da uzunmüddətli münaqişə səbəbindən daxili qaz tələbatını ödəməkdə ciddi çətinliklərlə üzləşən və enerji infrastrukturuna ağır ziyan dəymiş Suriyada iqtisadiyyatın bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımında mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Milli.Az

Seçilən
19
18
milli.az

10Mənbələr