Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard kubmetrə qədər olacaq.
Bu da uzunmüddətli münaqişə səbəbindən daxili qaz tələbatını ödəməkdə ciddi çətinliklərlə üzləşən və enerji infrastrukturuna ağır ziyan dəymiş Suriyada iqtisadiyyatın bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımında mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.