AZ

Ana dilimiz – milli irsimiz, mənəvi sərvətimiz, dövlətimizin əbədi rəmzidir

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü – xalqımızın tarixi-mədəni yaddaşının, mənəvi irsinin və milli varlığının rəmzi olan ana dilinə hörmətin, sevginin və sədaqətin ifadə olunduğu xüsusi bir gündür. Bu əlamətdar tarix 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasi iradəsi ilə rəsmiləşdirilərək, ölkəmizdə milli özünüdərk və dövlətçilik ruhunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir.

Ana dili hər bir xalqın mənəvi dayağı, milli kimliyinin əsas atributudur. Azərbaycan dili milli şüurumuzun, milli düşüncəmizin, zəngin ədəbi və bədii irsimizin daşıyıcısıdır. Biz tarix boyu məhz bu dil vasitəsilə xalq olaraq kimliyimizi, mədəniyyətimizi, mənəviyyatımızı qoruyub saxlamışıq və nə qədər ki, bu dili yaşadırıq, bir xalq kimi mövcudluğumuzu da qoruyacağıq. Azərbaycan dili bu gün həm də dövlətimizin suverenliyinin, hüquqi müstəqilliyinin və siyasi qüdrətinin əsas təməl sütunlarından biridir. Bu dili dövlət dili kimi qorumaq, inkişaf etdirmək yalnız mədəni və mənəvi məsələ deyil, həm də strateji və siyasi zərurətdir. Ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində dilimiz dövlət idarəçiliyində, təhsil və elm sistemində, kütləvi informasiya vasitələrində, mədəni həyatın bütün sahələrində əsas yerini və statusunu qazanmışdır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilini yalnız sevmir, ona ideoloji və milli dəyər kimi yanaşırdı. Onun nitqlərindəki bədii obrazlar, məntiqi ardıcıllıq, terminoloji dəqiqlik və emosional təsir qüvvəsi bu dilin necə qüdrətli bir ifadə vasitəsi olduğunu bütün dünyaya nümayiş etdirirdi. Onun “Dil böyük bir aləmdir” fikri dilə verilən ən yüksək dəyər və qiymətin göstəricisidir. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə və qətiyyətlə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilimizə dövlət səviyyəsində diqqət və qayğı daha da artmışdır. Prezidentimizin “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri onun dil siyasətinin əsas istiqamətini və fəlsəfəsini tam şəkildə ifadə edir. Əlifbamızın latın qrafikasına keçidi ilə bağlı qəbul olunmuş mühüm qərarlar, Azərbaycan dilində ensiklopedik nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının incilərinin ana dilimizə tərcüməsi, dilimizin saflığının qorunması məqsədilə görülən tədbirlər dövlətimizin bu sahədə tutarlı mövqeyinin parlaq nümunəsidir.

Dilin qorunması yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Bu, eyni zamanda, hər bir vətəndaşın, xüsusilə də gənc nəslin mənəvi borcudur. Gənclərimizin ana dilində mükəmməl danışması, yazması, düşünməsi, bu dilin incəliklərini mənimsəməsi və onu gələcək nəsillərə ötürməsi milli özünüdərkin ayrılmaz tərkib hissəsidir. Dövlət dili kimi Azərbaycan dilinin qorunması milli təhlükəsizlik məsələsi qədər önəmli və zəruridir. Azərbaycan dili təkcə Azərbaycan Respublikasının hüdudlarında deyil, habelə dünya azərbaycanlıları üçün də birləşdirici qüvvə, ortaq dəyər, kimlik rəmzidir. Məhz bu səbəbdəndir ki, Azərbaycan diasporunun fəaliyyətində ana dilinin təbliği və öyrədilməsi xüsusi yer tutur. Bu, həm də Vətənə bağlılığın və milli köklərə sədaqətin ifadəsidir.

Müasir informasiya və texnologiyalar dövründə ana dilinin qorunması və inkişafı daha çox səy və məsuliyyət tələb edir. Virtual məkanda və sosial şəbəkələrdə dilin düzgünlüyü və saflığı ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır. Dilin məhv olma prosesi, ilk növbədə, onun zəiflədilməsi və təhrif olunması ilə başlayır. Ona görə də hər bir mətbuat orqanı, hər bir müəllim, hər bir ziyalı, hər bir vətəndaş dilin saflığına və ləyaqətli istifadəsinə töhfə verməlidir.
Ana dilimiz təkcə danışıq vasitəsi deyil, xalqımızın ruhunun daşıyıcısıdır. Biz bu dili yaşatdıqca, xalq olaraq yaşamağa davam edəcəyik. Azərbaycan dilinin qorunması və inkişafı həm də gələcəyimizə, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq deməkdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti özünün güclü dövlət dilinə malikdir. Bu dilin hər bir səsi, hər bir ahəngi, hər bir ifadə tərzi bizim üçün əziz, müqəddəs və doğmadır. Dövlətimizin və millətimizin gələcək inkişafı üçün bu dilin qorunması, yaşadılması və zənginləşdirilməsi bizim hər birimizin borcu və missiyasıdır.

Dil millətin vicdanıdır, kimliyidir, yaddaşıdır. Bu vicdanı təmiz, bu kimliyi bütöv, bu yaddaşı diri saxlamaq üçün Azərbaycan dili yaşamalı, sevilməli və qorunmalıdır.


Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Seçilən
45
45
sabahinfo.az

10Mənbələr