Rusiya hökuməti avqustun 1-dən etibarən Ukrayna ilə əvvəlki razılaşma əsasında fəaliyyət göstərən 20 sərhəd-keçid məntəqəsini rəsmi şəkildə bağlamaq qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq sənədi Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb və sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.
“Siyahıya uyğun olaraq, Rusiya Federasiyası ilə Ukrayna hökuməti arasında 8 fevral 1995-ci il tarixli sərhəd keçid məntəqələri haqqında sazişə əsasən müəyyən edilmiş RF dövlət sərhədindən keçid məntəqələrinin 1 avqustdan etibarən bağlanması qərara alınır”, – sənəddə belə deyilir.
Siyahıya 7 dəmir yolu və 13 avtomobil sərhəd-keçid məntəqəsi daxildir. Bundan əlavə, sənəddə 2022-ci ildən etibarən Ukrayna ilə sərhəddə yerləşməyən, referendumlardan sonra Rusiya Federasiyasına birləşmiş Luqansk və Donetsk Xalq Respublikasının, eləcə də Xerson və Zaporojye vilayətlərinin keçid məntəqələri də qeyd olunub.