Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Ortaq bir formulun tapılacağını istisna etmirəm. Lakin İsrailin Suriyada geri çəkiləcəyini düşünmürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İsraillə Suriya arasında Bakıda keçirilməsi gözlənilən növbəti raund danışıqları şərh edərkən deyib.
Kənan Rövşənoğlu bildirib ki, İsrailin Suriya ilə bağlı mövqeyi açıqdır:
"Onlar hətta bunu gizlətməyə ehtiyac duymurlar. İsrail rəhbərliyi deyir ki, Suriyanın cənubunda, yəni Dəməşqdən cənuba Suriya ordusu, xüsusən də ağır texnika və silahlar olmasın. Bundan başqa İsrail elan edib ki, dekabrdan bu yana ələ keçirdiyi Suriya ərazilərini, o cümlədən Şeyx (Hermon) dağını geri qaytarmayacaq. Colan təpələrindən isə ümumiyyətlə söhbət getmir. Son 10 gündə druzlarla yerli bədəvilər arasında münaqişə zamanı İsrail druzları müdafiə etdi. Yəni bu 4 şərt var".
Ekspert düşünür ki, danışıqların gedişində həmin dörd şərtin bəzilərində razılığa gələ bilərlər:
"Amma İsrailin Colan təpələri və ələ keçirilmiş ərazilərdən çıxması çətindir. Amma burada bir də Amerika faktoru var. Bakıdakı danışıqları da amerikalılar təşkil edəcək. Son olaraq, mümkündür ki, hansısa ortaq bir formul tapılsın".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, İsrail və Suriya rəsmiləri yenə Bakıda bir araya gələcəklər. Məlumatda bildirilir ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. Nəşr həmçinin qeyd edib ki, İsrail nümayəndə heyəti Bakıda Əs-Süveydə ətrafında mübahisəni tam həll etmək istəyir.
Xatırladaq ki, bir neçə gün əvvələ qədər İsraillə Suriya ərazisini bombardman edirdi. Suriyanın yeni hökuməti isə Əs-Süveydə ətrafında druzlara qarşı hərbi əməliyyat keçirmişdi. Ondan əvvəl isə Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Xaneqbi ilə Suriya xarici işlər naziri Əsaad əş-Şibani arasında danışıqlar aparılıb.
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.