AZ

Yaxın Şərqin yeni diplomatik mərkəzi, Bakı Cenevrəyə çevrilir  

Bu gün xarici KİV-də yayılan məlumata görə, Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Səudiyyə Ərəbistanının “Əl-Hadas” kanalının və “Al-Arabiya”nın məlumatlarına əsasən, İsrail nümayəndə heyətinin Bakıya səfər etməsinin əsas məqsədi  Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaqdır.
 
Politoloq, Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a şərhində bildirib ki, Suriya üzrə beynəlxalq danışıqların növbəti mərhələsinin Bakıda keçirilməsi diplomatik baxımdan bir sıra yeni meylləri göstərir. Onun fikrincə, ilk növbədə ABŞ-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə İsrail-Suriya arasında təhlükəsizlik sahəsində əlaqə kanallarının bərpa olunduğunu vurğulamaq lazımdır:
 
“Danıșıqlarda  əsas məqsəd Əs-Süveydə ətrafındakı mübahisələrin həlli və demilitarizasiya zonası məsələsində razılaşmadır. İsrailin Suriyaya hücumları dayandırmaq öhdəliyini götürməməsi danışıqlarda şərtli razılaşma modellərinin mümkünlüyünü göstərir. Vurğulamaq lazımdır ki, Türkiyə ilə Suriya arasında danışıqlar kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin bölgədəki rolu ətrafında cərəyan edir. Bütün bu proseslər fonunda isə Azərbaycanın bu prosesə ev sahibliyi etməsi təsadüfi deyil. Bakı, son illərdə geosiyasi etibarlılığını artırıb, İsrail və Türkiyə ilə strateji tərəfdaşlıq, həmçinin İran və ərəb dünyası ilə balans siyasəti aparıb, eyni zamanda Qarabağ müharibəsindən sonra regionda sülhə töhfə vermə səyləri ilə beynəlxalq imicini gücləndirib. Bakı görüşləri, 1974-cü ildə müəyyən edilmiş atəşkəs xətti və demilitarizasiya zonası məsələlərində daha çevik, etibarlı və “şərtlərlə razılaşmaya açıq” üçüncü tərəf kimi Azərbaycanın vasitəçilik potensialını göstərir.
 
Danıșıqlarda əsas kilid məqam druzlarla bağlı son proseslərdir. Əs-Süveydə münaqişəsi həm etnik, həm idarəetmə, həm də regional balans baxımından çoxqatlı problemdir. İsrail bu bölgədəki druz icması ilə tarixi əlaqələrə malikdir və onların təhlükəsizliyini prioritet hesab edir. Suriya isə burada öz suverenliyini tam təmin etməyə çalışır, lakin bu zaman druzlar və ələvilərlə siyasi gərginlik yaşayır. Demilitarizasiya zonası təklifi isə həm Suriyanın ərazi bütövlüyü, həm də İsrailin təhlükəsizlik narahatlıqları arasında ziddiyyətli kompromisdir”.
 
 
Prosesdə ABȘ və Türkiyənin koordinasiyalı roluna diqqət çəkən politoloq qeyd edib ki, ABŞ görüşlərdə əsas vasitəçidir, lakin İsrailin təhlükəsizlik arxitekturasını zəiflətmədən razılaşma istəyir:
 
“Türkiyə isə həm YPG-nin timsalında kürd silahlı qrupları ilə bağlı maraqlarını qoruyur, həm də Suriya ilə normallaşmanı nəzərdə tutur. Hər iki ölkə, İranın bölgədəki təsirinin azaldılmasında maraqlıdır. Problemin həlli istiqamətində aparılacaq danıșıqlar üçün Bakı görüşlərini dəstəkləyir. Bu üçtərəfli (ABŞ-Türkiyə-Azərbaycan) əməkdaşlıq İsrail-Suriya əlaqələrinin tədrici normallaşmasına zəmin yarada bilər. Burada həm İsrailin, həm də Suriyanın őz hədəfləri və məqsədləri var.
 
İsrailin hədəfləri təhlükəsizlik tampon zonası qurmaq, druzlarla münasibətləri sabitləşdirmək, əlavə hücumları hüquqi əsasla əsaslandırmaq və ya onların qarşısını almaqdır. Suriyanın məqsədləri regional təcriddən çıxmaq, İsrail ilə arxa kanalları genişləndirmək, əs-Süveydədəki üsyan və parçalanmanın qarşısını almaqdır”.
 
V.Zifəroğlu hesab edir ki, danışıqların Bakı mərhələsi yüksək əhəmiyyətli, lakin ilkin mərhələdədir:
 
“Hələ kompromis gözlənilmir, lakin tərəflər ilk dəfə real planlar masasına gəlirlər. Azərbaycanın diplomatik missiyası isə qlobal diplomatik xəritədə yeni status qazanır. Neytral, lakin strateji balanslı rol oynaması Bakını regionun Cenevrəsinə çevirə bilər. İsrail-Suriya arasında qısa müddətdə tam razılaşma çətin olsa da, demilitarizasiya zonasının strukturlaşdırılması və əlaqə kanallarının sabitləşməsi mümkündür. Regional oyunçuların (Türkiyə, ABŞ) mövqeyi koordinasiyalıdır, amma İranın oyundankənar saxlanması üçün balanslı şəkildə tətbiq olunur.
 
Bakı görüşü Əs-Süveydə mübahisəsinin tam həllindən daha çox, təhlükəsizlik təmaslarını qurmaq, etimadı artırmaq və ilkin konsensusları formalaşdırmaq üçün platformadır. Prosesin uğurlu davamı Azərbaycan üçün Yaxın Şərqdə diplomatik güc olaraq çıxış etmə imkanlarını genişləndirəcək”.
phrase_var_article.chosen
25
42
moderator.az

10phrase_var_article.sources