AZ

İsrail Əl Şaraaya sui-qəsd edəcək? - ŞƏRH

"Əsəd rejimi və ərəb baharı İsrail üçün çox mühüm bir hadisə idi".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, rəsmi Təl-Əviv mərkəzləşmiş və vahid hakimiyyətin olduğu ərəb ölkələrini potensial təhlükə olaraq görür:

"Bu məqsədlə ərəb baharı fonunda İsrail ətrafında təhlükəsizlik zonasının yaradılma prosesinin də şahidi olduq. Faktiki olaraq, güclü ərəb ölkələrinin bir çoxu ya İsraillə əməkdaşlıq edir, ya ABŞ-nin forpostu halına gəlib, ya da zəifləyib". 

378472

Lakin ekspert qeyd edib ki, Suriyada bir az fərqli proses getdi:

"Suriyada qurulan hakimiyyət hər nə qədər Qərbə isti baxsa da, Əhməd Əl Şaraanın Türkiyənin dəstəyi ilə iqtidara gəldiyi bəllidir. Əl Şaraa Suriyada mərkəzi hakimiyyət formalaşdırmağa çalışır. İsrail isə bunu istəmir. Çünki şimalda Türkiyənin dəstəklədiyi bir qrupun mərkəzi hakimiyyəti bərpa etməsi ikiqat güclü Türkiyə deməkdir. Təl-Əviv bunu özünə təhdid hesab edir".

Politoloq son günlərdə İsrailin Əhməd Əl Şaraaya sui-qəsd cəhdi edəcəyi iddialarına da münasibət bildirib:

"İsrailin Əhməd Əl Şaraanı öldürmək və ya Suriya ərazilərini işğal etmək planının olduğunu düşünmürəm. Sadəcə İsrail hakimiyyəti Suriyada daxili sabitliyin və mərkəzi hakimiyyətin olmamasını, etnik dini azlıqların nüfuzunun artmasını istəyirlər. 

Bundan başqa, Suriyanın şimal Şərqindəki YPG terror qruplaşması hər nə qədər mərkəzi hakimiyyətlə danışıqlar aparsa da, güc itirmədi. Əksinə, mövcud gücünü legitimləşdirdi". 

Turan Rzayevin sözlərinə görə, dövlətlərin başqa dövlətlərə təsir mexanizmlərinin ən böyüyü dini və etnik azlıqların müdafiəsidir:
"Suriyada əhalinin böyük bir qismi ərəbdir. Həmçinin, kürdlər və türkmənlər kimi etnik qruplar da var. Lakin ələvilər və dürzilər isə sırf dini azlıqlardır. 

Dürzilər ərəbdir, amma inanc fərqləri var. İsrail də onların inancından istifadə edir. Onsuz da İsraildə də kifayət qədər dürzi yaşayır. Dürzilər İsrail ordusunun ən elit təbəqələrindən birindədir. Yəni İsrail Suriyaya təsir mexanizmləri içərisində onlardan istifadə yolunu seçib". 

Həmsöhbətimiz sözlərini belə yekunlaşdırıb:

"İsrail və Suriya arasında yalnız bir halda konsensus əldə oluna bilər. Nəzərə almaq lazımdır ki, İsrail Suriyanın federallaşmasını istəyir. Konkret olaraq, kürdlərə, ələvilərə və dürzilər muxtariyyət verilməsini tələb edirlər. Xüsusən də dürzilər üçün bu addımın atılması istənilir. Çünki bu halda İsrailin Suriyanın daxili işlərinə müdaxilə imkanları artacaq".

Pərviz

Seçilən
2
50
hit.az

10Mənbələr