AZ

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

Teleqraf xatırladır ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyulub.

Bu dövrdən etibarən Azərbaycan mətbuatı keşməkeşli, lakin şərəfli bir yol keçərək bu günə gəlib çatıb.

“Əkinçi” bir çox məhdudiyyətlərə və senzuraya baxmayaraq, xalqın səsinə çevrilə bildi. Qəzet müxtəlif mövzulara toxunaraq cəmiyyətin oyanışına mühüm zəmin yaratdı. Beləliklə, Həsən bəyin irsi Azərbaycan mətbuatının bayraqdarına, flaqmanına çevrildi.

“Əkinçi”nin unikallığı ondan ibarət idi ki, qəzetdə qaldırılan problemlərin bir çoxu bu gün də aktualdır və həllini gözləyir. 1875–1877-ci illər ərzində 56 sayı çap olunan qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Əsgər ağa Gorani kimi ziyalıların da əvəzsiz xidmətləri olub. Təəssüf ki, 29 sentyabr 1877-ci ildə Həsən bəy Zərdabiyə qarşı artan təzyiqlər, sərt senzura və maddi çətinliklər qəzetin fəaliyyətini dayandırmağa məcbur etdi.

Bununla belə “Əkinçi”nin cəmi iki illik fəaliyyəti də sonrakı nəsil üçün ilham mənbəyinə çevrildi. 1903-cü ildə Avropa və Mərkəzi Rusiyada jurnalistika sahəsində təcrübə toplamış Məhəmməd ağa Şahtaxtlı Tiflisdə “Şərqi-Rus” qəzetini nəşr etməyə başladı. İctimai-siyasi, iqtisadi, elmi və ədəbi mövzuları əhatə edən qəzet ətrafında Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi tanınmış maarifçiləri birləşdirərək yeni nəsil jurnalistlərin yetişməsinə böyük töhfə verdi.

“Şərqi-Rus”da peşəkar jurnalist kimi püxtələşən Cəlil Məmmədquluzadə 1906-cı il aprelin 7-də Tiflisdə nəşrinə başladığı “Molla Nəsrəddin” jurnalı ilə milli mətbuatın inkişafında yeni mərhələ açdı və adını Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə yazdırdı. 1918-ci ilə qədər Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1921–1931-ci illərdə isə Bakıda nəşr olunan jurnal müstəmləkəçilik siyasətini, cəhaləti, sosial ədalətsizliyi kəskin tənqid edərək geniş oxucu auditoriyası qazandı, nüfuzu Qafqazı aşaraq Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da mətbuatın inkişafında mühüm dönüş nöqtəsi oldu. Rusiya İmperiyasının sərt senzurası uzun illər mətbuatın yayılmasına əngəl törətsə də, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadə kimi ziyalılar çıxış yolları taparaq milli ideyanın təbliğinə geniş yer verdilər. 1905–1918-ci illərdə “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”, “Açıq Söz” kimi qəzet və jurnallar millətin taleyüklü problemlərini işıqlandırdı, dövlətçilik təfəkkürünün formalaşmasına xidmət etdi.

1920-ci ilin aprel işğalından sonra sovet ideoloji sistemi mətbuatı yalnız təbliğat vasitəsi kimi istifadə edərək, jurnalistikanın əsas məqsədini yeni siyasi quruluşun üstünlüklərinin təbliği ilə məhdudlaşdırdı.

XX əsrin 80-ci illərinin sonlarından SSRİ-də gedən demokratikləşmə prosesi Azərbaycanda da ictimai-siyasi oyanışa təkan verdi. Ermənistanın təcavüzkar siyasətinə etiraz ümumxalq hərəkatına çevrildi. Bu dövrdə “Azərbaycan”, “Aydınlıq”, “Yeni Fikir”, “Meydan”, “Azadlıq”, “Səhər”, “Odlar Yurdu”, “Gənclik”, “Xəzər” kimi qəzet və jurnallar rəsmi təbliğata alternativ informasiya mənbəyinə çevrilərək cəmiyyətin obyektiv məlumatlanmasına xidmət etdi.

Müstəqillik dövründə isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələyə qədəm qoydu. 1990-cı il milli mətbuatımızın azad sözün qaranlıqdan işığa çıxış tarixidir. Bu illər jurnalistlərin gerçəkliyi yazmaq üçün həyatlarını təhlükəyə atdıqları şərəfli dövr kimi yadda qaldı.

Ölkədə baş verən siyasi hadisələrə, çaxnaşmalara baxmayaraq, mətbuat Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün fəal mübarizə apardı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda dönüş nöqtəsi yarandı. 1998-ci il 6 avqust tarixində Prezident Heydər Əliyevin imzaladığı Fərmanla senzuranın ləğvi milli mətbuat tarixində mühüm hadisə oldu.

Prezident İlham Əliyev də mediaya xüsusi önəm verir. Onun 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Bu sənəd redaksiyaların fəaliyyətinin dəstəklənməsi, müasir texnologiyaların tətbiqi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi üçün yeni imkanlar yaratdı.

Azərbaycan mətbuatı çağırışlara daim cavab verib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsidir. Bu müharibə dövründə mətbuat informasiya cəbhəsində də əsl qəhrəmanlıq nümayiş etdirdi. Ali Baş Komandan Prezident İlham Əliyevin çağırışına cavab verən Azərbaycan mediası düşmən təbliğatını məğlub edərək həqiqətlərimizi dünyaya çatdırmağı bacardı.

Vətən müharibəsindən sonra da mediamızın qarşısında yeni vəzifələr durdu. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul olundu. Bütün bunlar milli mətbuatın müasir çağırışlara uyğun şəkildə inkişafına xidmət edir.

Onu da vurğulamaq yerinə düşər ki, artıq ardıcıl üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu keçirilir. Ənənə halını almış forum çərçivəsində Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırır.

Azərbaycan mətbuatının 150 illiyi dövlət başçısının diqqətindən kənarda qalmayıb. 25 aprel 2025-ci il tarixində Prezident İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb, yubiley medalı təsis edilib.

Bundan əlavə, Prezidentin 21 iyul tarixli sərəncamı ilə 26 jurnalist “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1 nəfər 1-ci dərəcəli “Əmək” ordeni, 10 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 137 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. 26 jurnalistə “Əməkdar jurnalist” fəxri adı, 3 nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.

Qürurverici haldır ki, təltif olunanlar arasında "Teleqraf" İnformasiya Agentliyinin də iki əməkdaşı var. Agentliyin baş redaktoru Nərgiz Cavadzadə “Tərəqqi” medalı, baş direktor İmdad Əlizadə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Bütün bunlar Azərbaycan hökumətinin və ölkə rəhbərliyinin milli mətbuata verdiyi yüksək dəyərin göstəricisidir.

"Teleqraf" İnformasiya Agentliyinin kollektivi həmkarlarımızı 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, bu şərəfli yolda möhkəm iradə və yeni-yeni uğurlar arzulayır.

Qələminiz qılınc qədər kəskin olsun!

Seçilən
19
50
teleqraf.com

10Mənbələr