AZ

Bakı Formula 1-ə hazırlaşır: yeni tribunalar, gecə iş rejimi və 30 faizlik artım proqnozu REPORTAJ

Bakı, 18 iyul, AZƏRTAC

Sentyabrın 19–21-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətlə davam edir. Bakı bu il də ənənəsinə sadiq qalaraq beynəlxalq arenada uğurla təmsil olunmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, yarış öncəsi görülən işlərin gedişatı ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün xüsusi tur təşkil olunub. Media nümayəndələri trekin hazırkı vəziyyəti, tikinti və yenidənqurma işləri, paddok zonasında aparılan yeniliklər, tribunaların quraşdırılması və ümumi hazırlıq prosesi ilə yaxından tanış olublar. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nümayəndələri media üzvlərinə ətraflı məlumat təqdim ediblər.

Tur çərçivəsində yarış həftəsində planlaşdırılan tədbirlər, fan zonaları və əyləncə proqramları barədə də ilkin məlumat verilib. Qeyd olunub ki, builki yarış təkcə idman hadisəsi olmayacaq, eyni zamanda, Bakının beynəlxalq imicinə də mühüm töhfə verəcək.

Tikinti və quraşdırma işləri: fasiləsiz gecə növbələri

Bakı Şəhər Halqasında aparılan tikinti və quraşdırma işlərinə ümumilikdə 2 min 162 nəfər podratçı əməkdaş cəlb olunub. Bu işlər demontaj mərhələsinə qədər fasiləsiz davam edəcək. Yarış həftəsində isə əlavə olaraq 1500 təşkilatçı əməkdaş, 2 min könüllü və 1400 marşal prosesə qoşulacaq. İşlər gecə-gündüz növbəli rejimdə aparılır və əsas əməliyyatlar şəhər sakinlərinə narahatlıq yaratmamaq üçün yalnız gecələr həyata keçirilir. Bütün bu proseslərdə yalnız yerli, Azərbaycan podratçıları iştirak edir ki, bu da yerli kadr potensialının inkişafına xidmət edir.

Minimum məhdudiyyətlər və nəqliyyat koridorları

2023-cü ildən başlayaraq yarış zamanı şəhərin gündəlik həyatı ilə yarış əməliyyatları arasında balans yaratmaq məqsədilə əsas yollar müəyyən saatlarda qismən açıq saxlanılır. Bu təcrübə 2024-cü ildə genişləndirilib və nəqliyyat koridorlarının sayı 2-dən 5-ə çatdırılıb. Bu dəhlizlərdən istifadə edən sürücülərin sayı ötən illə müqayisədə 30% artıb. Proqnozlara görə, 2025-ci ildə bu göstəricinin əlavə 30% artacağı gözlənilir.

Hazırlıq müddəti yarıya endirildi

Texniki hazırlıq mərhələsində tətbiq olunan yeni texnologiyalar sayəsində quraşdırma və demontaj işləri əhəmiyyətli dərəcədə sürətləndirilib. Əgər əvvəlki illərdə trasın tam hazırlanması 12 həftə çəkirdisə, bu il bu müddət cəmi 6 həftəyə endirilib. Yarışdan sonra yol infrastrukturu da tez bir zamanda əvvəlki vəziyyətinə qaytarılır. 2024-cü ildə beton blokların 60%-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb və ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal nəqliyyat rejiminə qayıdıb.

Turist axını və tamaşaçı marağı artır

Formula 1 Azərbaycan Qran-prisi ölkənin turizm baxımından da əsas hadisələrindən birinə çevrilib. Ötən il tribunaların tamaşaçılarının 77%-ni xarici turistlər təşkil edib və onların ölkədə orta qalma müddəti 5 gecə olub. Bu isə yerli turizm və xidmət sektoruna ciddi iqtisadi töhfə verir.

Artan maraq fonunda bu il 20 mindən çox oturacaq yeri planlaşdırılıb. Tribunaların 5-i artıq tam satılıb və tələbatı nəzərə alaraq əlavə 2 yeni tribunanın quraşdırılmasına qərar verilib.

Seçilən
120
50
azertag.az

10Mənbələr