Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.
Bakı Şəhər Halqasından Avtosfer.az-a verilən məlumata görə, ilk gündən etibarən böyük maraqla qarşılanan proqramın müsahibə mərhələsi artıq başa çatıb.
Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub. Onlardan təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib. 8 həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.