AZ

Qurban Qurbanov: “Avstriya toplanışından razı qaldım”

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Avstriyanın “Zalsburq” komandasına qarşı keçirdikləri yoxlama oyunu (1:2) barədə fikirlərini bildirib:

“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.

Qurban Qurbanov komandanın ümumi durumunu da dəyərləndirib:

“Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.

Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) komandasına uduzmuşdu – 4:5. Ağdamlılar daha sonra “Tvente” (Niderland) ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanmışdılar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşmişdilər. Qurban Qurbanovun komandası Bakıda keçirdiyi yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlmişdi.

Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq. Komanda yeni mövsümün hazırlığına iyunun 18-də Bakıda start vermişdi.

Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Seçilən
10
10
arena.az

10Mənbələr