"Elm, inanc və texnologiya üçbucağında sirlərlə dolu macəra..."
Den Braunun professor Robert Lenqdon haqqında dünyaca məşhur romanlar seriyasının beşinci hissəsi olan "Mənşə" romanı bizi bir daha elm, din və simvolizmin kəsişdiyi bir intellektual və təhlükəli dünyaya aparır.
Moderator.az xəbər verir ki, bu barədə "ixbt.com" nəşri yazıb.
Əvvəlki romanlarda olduğu kimi, bu dəfə də baş qəhrəman professor Lenqdon tarix, incəsənət və mədəniyyətin qatlarına enərək insanlıqla bağlı fundamental bir sirrin izinə düşür. Amma fərqli olaraq, "Mənşə" elm və texnologiyanın ön planda olduğu, süni intellektin və müasir fəlsəfi dilemmanın diqqət mərkəzinə çəkildiyi bir əsərdir.
Bəşəriyyətin iki əbədi sualı
Romanın süjeti İspaniyanın məşhur Bilbao Muzeyində keçirilən bir təqdimatda başlayır. Gənc milyardçı, texnoloji futurist və Lenqdonun keçmiş tələbəsi olan Edmond Kirş iki əzəli suala cavab verməyə hazırlaşır: "Haradan gəlmişik?" və "Haraya gedirik?". Kirşin elmi kəşfi abiogenez nəzəriyyəsinə - cansız maddədən həyatın yaranması ideyasına əsaslanır. Onun məqsədi bu elmi həqiqətləri ictimaiyyətə açıqlayaraq həm yaradılış mövzusunda olan dini təlimləri, həm də mövcud ictimai qavrayışları sarsıtmaqdır.
Lakin təqdimatın ortasında Kirş gözlənilməz şəkildə qətlə yetirilir. Və bütün dünya cavabları bilmədən qaranlıqda qalır. Buradan etibarən süjet tipik Den Braun üslubunda sürətlənir: Lenqdon təqdimatın şifrələnmiş sirrini tapmaq və insanlığa çatdırmaq üçün mübarizəyə başlayır. Ona bu yolda muzeyin direktoru, zəkalı və cəsur Ambra Vidal, eləcə də Kirşin yaratdığı süni intellekt Uinston kömək edir.
Süni intellekt və gələcəyin siması
Uinston romanın əsl sürprizidir. O, sadəcə texniki yardım vasitəsi deyil, öz ironiya hissi, məntiqi və emosional nüansları ilə oxucunun yaddaşında əsl personaj kimi qalır. Den Braun bu obraz vasitəsilə süni intellektin insan həyatında necə yer tuta biləcəyini, onun dost, bələdçi və hətta düşünən varlıq kimi qəbul olunacağını ustalıqla göstərir.
İspaniya: tarix, memarlıq və ruhani atmosfer
Əsərin fonu İspaniya, konkret olaraq Barselona və Kataloniyadır. Oxucu roman boyu Antoni Qaudinin gözəl memarlıq əsərləri - Kasa Mila, Saqrada Familia, Quel Parkı və Monserrat monastırı ilə tanış olur. Bu məkanlar yalnız dekorativ elementlər deyil, hadisələrin axarına təsir edən və rəmzi məna daşıyan motivlərdir. Özəlliklə Kasa Mila- Kirşin yaşadığı yer həm süjet baxımından, həm də rəmzi olaraq sanki texnologiya və insan ruhunun toqquşduğu məkandır.
Braunun üslubunda yenilik və dəyişikliklər
Əvvəlki romanlarda olduğu kimi bu dəfə də Den Braun sürətli temp, qısa fəsillər və gərgin hadisələrlə oxucunu daim hərəkətdə saxlayır. Lakin "Mənşə" əvvəlkilərdən fərqli olaraq, daha az dini simvolizmə və orta əsr sirlərinə, daha çox müasir elmi anlayışlara, kompüter texnologiyasına və fəlsəfi suallara əsaslanır. Bu, bəzi oxucular tərəfindən "daha intellektual, lakin az mistik" roman kimi xarakterizə olunub.
Tənqidlər və təriflər: oxumağa dəyərmi?
Oxucu rəyləri müxtəlifdir. Bəziləri romanın intellektual yönünü və süni intellekt mövzusuna toxunuşunu yüksək qiymətləndirir. Digərləri isə personajların səthi təsvirindən və bəzi hissələrin proqnozlaşdırıla bilən olmasından narazıdır. Ancaq bir məqam aydındır: "Mənşə" düşündürən, elmlə maraqlanan, dini-fəlsəfi sualları aktual hesab edən hər kəs üçün maraqlı oxu təcrübəsi təqdim edir.
Dan Braunun "Mənşə" romanı həm klassik detektiv üslubunu qoruyur, həm də süni intellektin yüksəlişi və texnologiyanın insan həyatına təsiri barədə dərindən düşündürür. Kitab bizi yalnız keçmişin sirrləri ilə deyil, gələcəyin mümkün ssenariləri ilə də tanış edir. Bu roman həm Braunun sadiq oxucuları, həm də müasir texnologiya və fəlsəfə ilə maraqlanan yeni nəsil üçün dəyərli bir macəra ola bilər. Oxuyun və öz cavabınızı axtarın: Haradan gəlmişik? Hara gedirik?..