ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Şahanə MÜŞFİQ
Uzun illər öncə bir axşamçağı bir səhv edib oxuduğum kitabın şəklini paylaşmış, oradan bəyəndiyim cümləni yazmışdım. Heç gözləmədiyim halda ədəbi zövqünə, aydın düşüncəsinə inandığım birisi həmin müəllifin şəxsi düşüncələrini, yüngül həyat tərzini arqument gətirərək onun kitabını oxuduğum üçün məni tənqid etmiş, heç olmasa, bunu paylaşmamağı məsləhət bilmişdi. Əslində isə o kitab dünya ədəbiyyatının şedevrlərindən, müəllif də imzası çoxdan, lap çoxdan təsdiqlənmiş yazıçılardan biridir. Yenə də bu cür reaksiya ilə ilk dəfə qarşılaşdığımdan çaşıb qalmışdım, səbəbini elə də anlaya bilmirdim. Axı mənim üçün bir kitabın müəllifi əsərindən daha artıq önəm daşımır. Bunu istər mətbuata müsahibələrimdə, istərsə də, şəxsi söhbətlərimdə dəfələrlə demişəm ki, mənim istər klassik, istərsə də müasir dünya və Azərbaycan ədəbiyyatında sevdiyim yazıçı, şair yoxdur, bəyəndiyim əsərlər, şeirlər var. Onları isə kimin yazmağı az önəmlidir. Zaman keçdikcə isə gördüm ki, sən demə, indi vəziyyət o deyilmiş...
Bir vaxtlar ədəbiyyat müəllifin səsini yox, yazısının səsini eşidərdi. Yazıçı özü tanınmaz, cümlələri, əsərləri tanınardı. Bəzən bir oxucu müəllifi tanımadan, heç şəklini belə görmədən illərlə onun kitablarını oxuyardı.Yazıçı kimdir, harada doğulub, nəyin tərəfdarıdır - bunlar o qədər də vacib deyildi. Əsas olan, yazının ruhuydu. İndi isə vəziyyət dəyişib: yazı hələ görünmədən müəllif görünməlidir. O, ictimai mövqeyini bildirməli, gündəmə reaksiya verməli, sosial şəbəkədə aktiv olmalıdır. Əgər bütün bunları etmirsə, heç yazdıqları da görülmür, saya salınmır.
Əsərin dəyəri çox vaxt müəllifin ictimai mövqeyi ilə ölçülür. Oxucular yazının deyil, yazıçının şəxsiyyətinin "statusuna" uyğun davranırlar. O kimlərin dostudur? Nə geyinir? Hansı dəyərləri müdafiə edir? Feminizm, LGBT, siyasət, din, ailə - hansı tərəfdə dayanır? Əgər bu suallar oxucunun gözündə düzgün cavablanıbsa, o zaman əsər də "lazımlıdır". Yoxsa, necə deyərlər, kitabın cildinə belə baxılmır.
Müəllifin bioqrafiyası artıq kitabın özü qədər maraq doğurur. "Instagram" bio-su, müsahibədə dedikləri, çəkildiyi fotoşəkillər, tədbirlərdəki duruşu, paylaşımlardakı emojilər - hamısı birgə "ədəbiyyatçı obrazı"nı qurur. İndiki dövrdə yazıçı təkcə yazmaqla kifayətlənməməli, həm də özünü göstərməlidir.Tez-tez şəkillərini, videolarını paylaşmalı, günlük həyatı ilə də diqqətdə qalmağı bacarmalıdır. Geyimi, danışığı, hətta ev heyvanı belə onun oxucu ilə olan münasibətinə təsir edə bilər. Beləliklə, getdikcə yazı ikinci, hətta bəzən daha sonrakı yerlərə keçir, birinci planda müəllifin "brendə çevrilmiş" siması dayanır.
Ədəbi yığıncaqlarda əsərlərdən çox müəlliflər müzakirə olunur. "Onu tanıyırsan?" sualı "Onu oxumusan?" sualından daha aktualdır. Çünki deyəsən, artıq oxumaq tanımaq üçün deyil, tanımaq oxumaqdan əvvəl gəlir. Bu isə ədəbiyyatın öz mahiyyətini - mətndə doğulmaq və mətndə yaşamaq gücünü zəiflədir.
Sosial media müəllif üçün böyük bir imkan ola bilərdi. O, yazılarını daha çox oxucuya çatdıra, fərqli çevrələrə səs salardı. Ancaq bu platformalar tezliklə bir növ ictimai nümayiş meydanına çevrildi. Artıq müəllifin yaradıcılığından çox, gündəlik görünüşü, fikirləri və reaksiya sürəti önəmlidir. Əgər hansısa olay baş verir və yazıçı bu haqda 3 saat, ən pis ehtimalda bir gün ərzində status yazmırsa, deməli, o, passivdir, laqeyddir, "daha o deyil". "Belə birinin də əsəri özündən artıq olmayacaq ki..."
Bu cür psixoloji təzyiq yazıçını mütəmadi olaraq özünü izah etməyə, öz mövqeyini "bağırmağa" vadar edir. Halbuki yazıçının əsl imzası onun cümlələrindədir.
Bir yazıçı haqqında "O, çox yaxşı yazır, amma özünü tanıtmır axı" deyirlərsə, bu, artıq ciddi bir problem kimi səslənir. Halbuki bu ifadədəki "amma" sözünün özü bütün vəziyyəti ifşa edir.
Bəzən elə olur ki, yazıçının özü yazısının qabağına keçir. Ədəbi tədbirdə yazıçının təqdim etdiyi əsər, şairin oxuduğu şeir heç kimin yadında qalmır, amma onun geyindiyi paltarı, ya da dediyi bir sarkazm dolu cümlə sosial şəbəkələrdə günlərlə müzakirə olunur. Əgər bir yazıçı təvazökar davranırsa, dərhal deyirlər ki, bu adam "tənbəl PR" qurbanıdır. Yəni reklam etmədinsə, yoxsan, danışmadınsa, unuduldun, performans göstərmədinsə, maraqsızsan.
Zamanın qaydaları fərqlidir: bu gün müəllif həm özünü göstərməli, həm də əsərini layiqincə təqdim və təmsil etməlidir. Bu isə çox az insana müyəssər olan bir balansdır.
Müasir oxucu daha tələbkardır. O, yalnız yazıya deyil, müəllifin kimliyinə, davranışına və həyat tərzinə də reaksiya verir. Əgər müəllif şəxsi həyatıyla "tərəddüd doğurursa", oxucu da əsərə tərəddüdlə yanaşır. Bu cür münasibət çox vaxt ədəbiyyata obyektiv yanaşma imkanını məhdudlaşdırır. İndiki halda yazıçı əvvəlcə "rəğbət oyatmalı", sonra oxunmalıdır. Əvvəl "xarakter", sonra "mətn". Bu isə əslində, ədəbiyyatın müqəddəs məkanda - yazının içində doğulması prinsipini pozur. Əsər müəllifdən azad olmadan, yəni oxucunun gözündə "ayrı bir varlıq" kimi mövcud olmadan ədəbiyyata çevrilə bilməz. Əgər biz yazını oxuyarkən daim müəllifin kimliyini düşünürüksə, onda yazının sehrindən çox, müəllifin kölgəsində qalmış oluruq.
Bəs bu gedişat bizi hara aparır? İstəyərək, ya da istəməyərək, müəllifi ədəbiyyatdan önə çıxardığımız bu dövr ədəbiyyatın daxilə yönəlmək gücünü zəiflədir. Yazıçı sosiallıqla daha çox məşğul olduqca, tənhalığın içində doğulan o dərin yazılar azalır. Yəni bir tərəfdən müəllifə "niyə görünmürsən?" deyirik, digər tərəfdən "niyə dərin yazmırsan?" soruşuruq. Bu ziddiyyətin içində yazıçı çaşır, yorulur, susur.
Əslində, yazıçının susması da bir mövqedir. Onun bio yazmaması, şəkil paylaşmaması, gündəmə reaksiya verməməsi bəzən onun ən ciddi cümləsidir. Sadəcə biz o cümləni görmək, eşitmək istəmirik. Çünki o, bizi səssizliyə çağırır.
Ədəbi prosesdə müəllif görünməz olmalı deyil, əlbəttə, amma onun şəxsiyyəti də yazının önünü tutmamalıdır. Əgər bir gün müəllif danışmaqdan, paylaşmaqdan, görünməkdən yorularsa, onu susduğu anından - yazısında tanıyaq. Hər şeydən əvvəl, o, yazıçı olaraq var.
Çünki nə sosial bio, nə şərhlər, nə müsahibələr qalacaq. Qalan bəzən bircə cümlə olur - yaxşı bir cümlə.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.