AZ

Azərbaycan-Suriya münasibətlərində yeni mərhələ: Diplomatik canlanmadan enerji tərəfdaşlığına - TƏHLİL

Azərbaycan-Suriya münasibətləri uzun illər boyunca tarixi və mədəni ortaq bağlara əsaslansa da, Əsəd rejiminin avtoritar və qapalı xarici siyasəti bu əlaqələrin inkişafını əngəlləmişdir. Azərbaycan xalqı və dövləti ərəb dünyası ilə dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürütmüş, bu çərçivədə Suriya ilə də əməkdaşlığa daim açıq olmuşdur. Lakin Suriya daxilindəki siyasi böhranlar, beynəlxalq təcrid və daxili sabitsizlik Azərbaycanın bu ölkə ilə aktiv əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. Prezident Əhməd Əl-Şaraanın Azərbaycana ilk rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bu münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Qeyd etmək lazımdır ki, bundan əvvəl hər iki ölkənin liderləri Antaliyada keçirilən beynəlxalq forum çərçivəsində görüşərək əməkdaşlıq imkanlarını müzakirə etmişdilər. Bu təmaslar diplomatik münasibətlərin canlandırılması istiqamətində mühüm rol oynayıb. Qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan bu yeni yanaşma əməkdaşlıq üçün real imkanlar yaradır. Azərbaycan Suriyanın ərazi bütövlüyünə dəstək verərək regionda sabitliyin təmininə töhfə verməyə hazır olduğunu nümayiş etdirir.

Azərbaycan-Suriya münasibətlərində yeni mərhələ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadənin APA-ya açıqlamasında qeyd edib ki, Suriya Ərəb Respublikasının Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana ilk rəsmi səfəri Azərbaycan-Suriya münasibətlərində uzun fasilədən sonra qarşılıqlı hörmət və əməkdaşlıq əsasında yeni mərhələnin başlanğıcını qoydu.

Ekspert qeyd edir ki, Prezident Əhməd Əl-Şaraanın Azərbaycana etdiyi ilk rəsmi səfər təkcə protokol xarakterli diplomatik təmas deyil, həm də Azərbaycan-Suriya münasibətlərində uzun fasilədən sonra yeni mərhələnin başlanğıcını qoyan strateji hadisədir: “Azərbaycan-Suriya münasibətləri yalnız tarixi-mədəni təməllərə deyil, həm də strateji və geosiyasi maraqlara əsaslanan kompleks xarakter daşıyır. İki ölkə arasında əlaqələrin əsası hələ İpək Yolu dövründə qoyulub, bu münasibətlər XX əsrin 70-ci illərindən etibarən daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub, diplomatik münasibətlər 1990-cı illərdə rəsmi şəkildə qurulub. Azərbaycan və Suriya bu illər ərzində BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli sərgiləyib. Lakin regionda baş verən dərin siyasi-ictimai dəyişikliklər, xüsusilə Suriyada daxili münaqişənin alovlanması fonunda bu münasibətlər zəruri şəkildə donub. Azərbaycanın Dəməşqdəki diplomatik missiyasının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması isə təkcə təhlükəsizlik riski ilə deyil, həm də həmin dövrdə Əsəd rejiminin beynəlxalq təcridə məruz qalması ilə izah olunub. Bu addım, Azərbaycanın xarici siyasətində sabitlik və etibarlılıq prinsiplərinə önəm verdiyini bir daha göstərib. Hazırda isə regional və beynəlxalq reallıqlar fonunda Azərbaycan-Suriya münasibətlərinin yenidən formatlanması üçün əlverişli imkanlar yaranıb.”

Geosiyasi dəyişikliklər fonunda Bakı-Dəməşq xəttində yeni dinamika

Why

Ekspertin fikrincə, Azərbaycan-Suriya əlaqələri keçmiş Bəşər Əsəd rejimi dövründə bir sıra səbəblərdən istənilən səviyyəyə çatmayıb.

Bu vəziyyətin formalaşmasında Suriyada mövcud olan erməni diasporunun anti-Azərbaycan və anti-türk mövqeyi, eləcə də Suriya ilə Ermənistan arasında qurulan strateji yaxınlıq mühüm rol oynayıb. Həmin dövrdə Suriya hökuməti, beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına uyğun olmayan mövqe sərgiləyib, ərazi bütövlüyü məsələsində qətiyyətli və obyektiv yanaşma nümayiş etdirməkdən yayınaraq, ədalətsiz mövqedə dayanıb. Suriyalı nümayəndələr, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda İslam həmrəyliyi prinsipinə zidd bəyanatlar səsləndirib. Bununla belə, qeyd edilməlidir ki, keçmiş rejimin siyasi davranışı Suriya xalqının Azərbaycan xalqına olan münasibətini əks etdirməyib. Əksinə, xalqlar arasında humanist və dostyana münasibətlər daim qorunub saxlanılıb. Hazırkı mərhələdə isə regionda və qlobal müstəvidə dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan-Suriya münasibətlərinin yenidən aktiv fazaya keçməsi üçün əlverişli zəmin formalaşıb. Bu kontekstdə atılan yeni addımlar ikitərəfli münasibətləri daha konstruktiv müstəviyə yüksəldib, tərəfdaşlığın real məzmunla zənginləşdirilməsi istiqamətində mühüm imkanlar yaradıb,” deyə o, bildirib.

Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəstək verən ilk dövlətlərdən biri olmuşdur. Rəsmi Bakı, BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Suriyanın daxili işlərinə qarışmamaq mövqeyini qoruyub saxlamış, münaqişədən sonrakı dövrdə ölkənin yenidən qurulmasına töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Azərbaycan bu yanaşması ilə yalnız diplomatik dəstək göstərməklə kifayətlənməmiş, eyni zamanda, regionda sabitlik və normal münasibətlərin formalaşmasına töhfə verən məsuliyyətli aktor kimi çıxış etmişdir.

Azərbaycan diplomatik və humanitar platformada ön sıralarda

Azərbaycandan

Lalə Xəlilzadə qeyd edib ki, Azərbaycan-Suriya münasibətləri yeni mərhələyə qədəm qoyduqdan sonra rəsmi Bakı bu prosesdə öz prinsipial mövqeyi və humanitar diplomatiyası ilə fərqlənib.

Onun sözlərinə görə, Suriya ilə əməkdaşlığın bərpası kontekstində Azərbaycan, Suriyanın yeni hökumətini açıq şəkildə dəstəkləyən ilk dövlətlərdən biri kimi çıxış edib və bu istiqamətdə strateji müttəfiqi Türkiyə ilə sıx koordinasiyada fəaliyyət göstərib: “Azərbaycan tərəfindən göstərilən humanitar dəstək bu mövqeyin praktik ifadəsi kimi iki dəfə – dekabr və fevral aylarında Suriyaya göndərilən yardım karvanlarında öz əksini tapıb. Mart ayında isə Azərbaycanın Dəməşqdəki səfirliyi tərəfindən təşkil olunan və min kimsəsiz uşağı əhatə edən iftar süfrəsi, ikitərəfli münasibətlərin sosial-humanitar aspektdə dərinləşməsinin bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Suriyanın bərpa prosesində konkret sahələr üzrə etibarlı tərəfdaş kimi çıxış edir. Enerji sektorunda neft-qaz infrastrukturunun yenilənməsi və potensial yataqların araşdırılması istiqamətində texniki dəstək və investisiya imkanları təklif edən Azərbaycan, Suriyanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu göstərib. Su qıtlığı və iqlim dəyişiklikləri kimi çağırışlar fonunda isə Azərbaycan ağıllı kənd təsərrüfatı texnologiyaları və resursların davamlı idarə olunması sahəsində əməkdaşlığı təşviq edir. Azərbaycanın yarımsəhra iqlimində tətbiq etdiyi müasir əkinçilik modelləri Suriyanın kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün ciddi dəyər kəsb edir. Eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında oynadığı aktiv rol və Yaxın Şərq regionunda yürütdüyü balanslı və prinsipial xarici siyasət onu yalnız donor və tərəfdaş deyil, həm də həssas məsələlərdə vasitəçilik qabiliyyəti olan regional aktora çevirir. Bu unikal diplomatik mövqe Azərbaycanın Suriyaya yönəlik siyasətində həm real təsir gücünü, həm də etimad kapitalını əks etdirir.”

Azərbaycan-Suriya enerji tərəfdaşlığı: SOCAR Memorandumu yeni mərhələnin əsasını qoyur

SOCAR

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənədə əsasən, yaxın gələcəkdə Azərbaycan təbii qazı Suriyaya ixrac olunacaq. Bu təşəbbüs Azərbaycanın regional enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirəcək, eyni zamanda Suriyada enerji təminatının sabitliyinə və iqtisadi dirçəlişinə mühüm töhfə verəcək. Əməkdaşlıq çərçivəsində əldə olunmuş razılaşma, münaqişədən sonrakı dövrdə Suriyanın enerji və infrastruktur sektorlarının bərpasına yönələn strateji tərəfdaşlıq nümunəsidir. Azərbaycan hazırda 12 ölkəyə, əsasən də Avropaya təbii qaz ixrac edir. Bu sazişlə Azərbaycanın ixrac coğrafiyası genişlənir və Yaxın Şərq regionuna çıxış imkanı yaranır.

Suriyaya qaz ixracı Türkiyə üzərindən ildə 1 milyard kubmetr həcmində planlaşdırılır və bu məsələ Suriya Prezidentinin Bakıya səfəri çərçivəsində ətraflı müzakirə olunub. Suriya həm istehlakçı ölkə, həm də tranzit rolunu oynaya bilər. Artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Həmçinin Suriyanı İordaniya ilə birləşdirən qaz kəmərinin də bərpası nəzərdən keçirilir ki, bu da Azərbaycan qazının gələcəkdə Misirə qədər çatdırılması imkanlarını artırır. Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı sahəsində də yeni imkanlar yaranır. Yaxın Şərq bazarı bu baxımdan perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir. Beləliklə, bu əməkdaşlıq nəticəsində Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır və bu, ölkənin enerji diplomatiyasının uğurlu genişlənməsinin göstəricisidir.

BMTM ekspertinin qənaətinə görə, Azərbaycan qazı Yaxın Şərq regionunun enerji təhlükəsizliyi və iqtisadi bərpa proseslərində mühüm strateji resurs olaraq çıxış edir.

Suriyada yeni siyasi reallıqlar fonunda enerji sektorunun yenidən qurulması və iqtisadi dirçəlişin təmin olunması baxımından Bakı ilə əməkdaşlıq xüsusilə diqqət mərkəzindədir. Suriya tərəfi Azərbaycanın etibarlı və balanslı xarici siyasət yürüdən dövlət kimi regional sabitliyə töhfəsini yüksək qiymətləndirir və SOCAR-la əməkdaşlığı bu kontekstdə prioritet istiqamət kimi dəyərləndirir. Prezident Əhməd Əl-Şaraanın Azərbaycana rəsmi səfəri çərçivəsində enerji sahəsində dialoqun dərinləşdirilməsi, həmçinin Azərbaycan qazının Suriyaya ixracı məsələlərinin gündəmə gəlməsi, bu tərəfdaşlığın strateji xarakter aldığını göstərir. Beləliklə, Azərbaycan təkcə Yaxın Şərqdə deyil, həm də Suriyada mühüm enerji aktoru kimi çıxış etməkdədir,” deyə o, fikrini yekunlaşdırıb.

Seçilən
1
17
apa.az

10Mənbələr