AZ

Azərbaycan-Suriya münasibətlərində yeni səhifə açılır  

 Suriya Ərəb Respublikasının  keçid dövrü 

Prezidenti Əhməd Əl-Şəaraanının 12 iyulda  ölkəmizə işgüzar səfəri  Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin

açılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər, iki dost ölkə arasında

siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, enerji, iqtisadiyyat və

infrastruktur sahələrində qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın

inkişafı üçün real imkanlar yaradır. Xüsusilə neft və qaz sahəsində təcrübəsi

ilə seçilən Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rol alması, həm

regional sabitliyə, həm də tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək mühüm

addım kimi dəyərləndirilməlidir.

 Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə

malik, regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınır.

Əgər bu gün Suriyada neft və qaz ehtiyatlarının təhlükəsiz və effektiv şəkildə

işlənilməsi məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və

etibarlı seçim kimi çıxış edir. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də

post-münaqişə dövründə Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür.

Azərbaycanın neytral və balanslı xarici siyasəti,

xüsusilə Yaxın Şərqdəki mürəkkəb geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və

əməkdaşlıq platforması kimi önə çıxarır. Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı

qurması, heç bir tərəfi narahat etmədən, regional sabitliyə və iqtisadi

inkişafa xidmət edəcək səmərəli model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz

və qərəzsiz vasitəçi rolunda çıxış edir.

 Bu səfər həmçinin Cənubi Qafqaz və Yaxın Şərq

bölgələrində yeni strateji tərəfdaşlıq modellərinin qurulması üçün zəmin

yaradır. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti,

infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də potensial

genişdir. Azərbaycan bu istiqamətlərdə öz təcrübəsini bölüşməyə və tərəfdaş ölkələrə

dəstək göstərməyə daim hazırdır.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan

öz xarici siyasətində prinsipial mövqe nümayiş etdirərək, qarşılıqlı hörmətə və

bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Əhməd Əl-Şəaraanının

Bakıya səfəri də bu siyasətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

 

 

Seçilən
13
4
azerbaijan-news.az

10Mənbələr