AZ

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Bakı, 12 iyul, AZƏRTAC

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də ölkəmizə işgüzar səfəri Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər iki dost ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, enerji, iqtisadiyyat və infrastruktur sahələrində qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafı üçün real imkanlar yaradır. Xüsusilə neft və qaz sahəsində təcrübəsi ilə seçilən Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rol alması həm regional sabitliyə, həm də tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək mühüm addım kimi dəyərləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O qeyd edib ki, Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik, regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınır. Əgər bu gün Suriyada neft və qaz ehtiyatlarının təhlükəsiz və səmərəli şəkildə işlənilməsi məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və etibarlı seçimdir. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də postmünaqişə dövründə Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür.

Deputat bildirib ki, Azərbaycanın neytral və balanslı xarici siyasəti, xüsusilə Yaxın Şərqdəki mürəkkəb geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və əməkdaşlıq platforması kimi önə çıxarır. Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması, heç bir tərəfi narahat etmədən, regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək səmərəli model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz və qərəzsiz vasitəçi rolunda çıxış edir.

“Bu səfər, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində yeni strateji tərəfdaşlıq modellərinin qurulması üçün zəmin yaradır. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti, infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də potensial genişdir. Azərbaycan bu istiqamətlərdə öz təcrübəsini bölüşməyə və tərəfdaş ölkələrə dəstək göstərməyə daim hazırdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətində prinsipial mövqe nümayiş etdirərək, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Əhməd Əl Şaraanın Azərbaycanda səfəri də bu siyasətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir”, - deyə Fatma Yıldırım vurğulayıb.

Seçilən
13
4
azertag.az

10Mənbələr