AZ

Yusif İmanov “Sabah”dan getdi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan qapıçı Yusif İmanov yetirməsi olduğu “Sabah” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, qolkiper bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 16 yaşından Bakı təmsilçisinin bir parçası olduğunu xatırladıb və doğma klubu ilə belə vidalaşıb:

“O gündən bu vaxtadək “Sabah” Futbol Klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu. Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi”.

Yusif İmanov bu qərarı almağın asan olmadığını diqqətə çatdırıb:

“Vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi. “Sabah”da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!”

Xatırladaq ki, İmanov “Sabah”ın əsas komandasının heyətində 94 oyun keçirib, 103 qol buraxıb, 37 matçda qapısını toxunulmaz saxlayıb.

Azərbaycanın U-21 yığmasında da oynamış Yusif İmanov əsas millimizdə 1 oyun keçirib.

Sonda onu da vurğulayaq ki, Yusifin bundan sonrakı karyerasını Premyer Liqanın yeni iştirakçısı “İmişli” komandasında davam etdirməsi gözlənilir.

Seçilən
15
18
arena.az

10Mənbələr