Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov "Sabah"dan ayrılıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı qolkiper bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. İmanov Masazır təmsilçisini tərk etməsinin səbəblərini açıqlayıb:
"16 yaşımda bu klubun bir parçası olmağa başladım və o gündən bu günə qədər “Sabah” Futbol Klubunun formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu.
Lakin təəssüf ki, son 6 ayda klub daxilində mənə qarşı göstərilən subyektiv yanaşma və ayrı-seçkilik halları, həmçinin uyğun şəraitin yaradılmaması mənim karyerama, xüsusilə də millimizin gənc qapıçısı kimi inkişaf perspektivimə mənfi təsir göstərdi. Bu qərarı almaq asan olmasa da, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra, göstərilən münasibət və klubdan aldığım rəsmi cavabları nəzərə alaraq, mövcud müqaviləni birtərəfli qaydada pozmaq qərarına gəldim. Artıq 1 aya yaxındır ki, bu məsələ ilə bağlı rəsmi şəkildə yazışmalar aparılırdı və bütün hüquqi prosedurlar qanun çərçivəsində yerinə yetirildi.
“Sabah” FK-da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Qarşıda isə yeni hədəflər, yeni meydanlar və daha güclü Yusif İmanov olacaq!".
Qeyd edək ki, Yusif İmanov 2022-ci ilin yanvar ayından "Sabah"ın əsas komandasının formasını geyinirdi. O, ötən mövsüm komandanın heyətində 20 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi