Rusiya-Azərbaycan arasında müşahidə olunan gərginlik dövlət məktəblərində rus bölmələrinin bağlanması məsələsini də gündəmə gətirib. Sosial şəbəkələrdə bu tələblə yanaşı, rus bölməsində oxuyanları, rusdilliləri tənqid və təhqir edən, onları “5-ci kolon” adlandıranlar da var.
Tribunainfo.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə müzakirə olunan bu mövzuda fərqli mövqelər də mövcuddur. Orta məktəb təhsilini rus dilində almış hüquqşünas Əkrəm Həsənov rusdilliləri, rus bölməsində təhsil alanları tənqid edənlərə qarşı çıxıb. O bildirib ki, ölkənin ən parlaq nümayəndələrinin əksəriyyəti rusdilli olub:
“Oxuduğum Azərbaycan-rus bölməsi olan orta məktəbdə 20 Yanvar 1990-cı il faciəsindən sonra pioner qalstukunu çıxaran yeganə şagird mən olmuşam — o da 7-ci sinif şagirdi olaraq. Rus müəllimlərimlə də bu mövzuda yüksək səslə mübahisə edən, inşalarımda yeri gəldi-gəlmədi milli azadlıq mövzusunu yazan da mən olmuşam. Təbii ki, buna görə başım çox ağrıyıb…
Bu barədə heç vaxt yazmamışdım. Amma rus dilində təhsil alanlara qarşı bəzilərinin səsləndirdiyi cəfəng fikirlərə cavab vermək lazımdır. Milli elmimizin və incəsənətimizin ən parlaq nümayəndələrinin əksəriyyəti rusdilli olub. Müstəqillik əldə etdikdən sonra isə hələ ki, elm və incəsənətdə parlaq nümayəndələrimiz demək olar ki, yoxdur. İlk Cümhuriyyətimizi dövlət kimi quran Fətəli xan Xoyski ümumiyyətlə Azərbaycan dilində çətin danışırdı. Bununla belə, bəzi xadimlərimiz ölkədə qalıb işğalçı ilə əməkdaşlıq etdi, o isə dərhal mühacirətə getdi və orada da düşmən gülləsinə tuş gəldi.
Vətən sevgisini təkcə hansı dildə təhsil almaqla ölçsəydik, nə vardı ki… Azərbaycan dilindən başqa heç bir dil bilməyən elə “yerli” əclaflar tanıyıram ki! Sabah — Allah etməsin — şimaldan yenə istila olsa, onlar istilaçının qarşısına qaçıb deyəcəklər: “Əşşi, gəlin çıxın da, nə çox çəkdiniz, xoş gəlmisiniz!””
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da rusdilliləri tənqid edənlərə qarşı sərt reaksiya verib. O əlavə edib ki, Azərbaycanda bu dövləti canından artıq sevən, uşaqlı-böyüklü, cavanlı-qocalı minlərlə rusdilli insan var:
“Rusdilli dostlarımın həmişə Rusiyaya məndən qat-qat sərt yanaşdıqlarının şahidi olmuşam. “Büllur bayquş” sahibi Rövşən Əsgərov azərbaycanca bir kəlmə də bilmir, amma Rusiyaya ondan çox nifrət edən yoxdur. Birinci Respublikanı yaradan şəxslərin, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, demək olar ki, hamısı rus təhsilli olublar. Yüzlərlə başqa fakt gətirə bilərəm. Hər şey bir qırağa, dünyaya Müstəqil Azərbaycanın vətəndaşı kimi gələn minlərlə gül balamızı necə “beşinci kolon” adlandırmaq olar?!
Rus dili — sadəcə, dildir. İngilis dili kimi, fars dili kimi. Dünyaya açılan daha bir pəncərədir, vəssalam. Ondan artıq heç nə deyil. Rusca oxuyanlar əsla ruspərəst olmurlar. Di gəl ki, bunları danalara başa salmaq olmur — onlar böyürə-böyürə dayanacaqlar.”
Gülşən Rəsul