Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.
Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışıb:
"Prezident Ersin Tatarın qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyəti danılmazdır. Prezident Ersin Tatara AzTU-nun Fəxri Doktoru adının verilməsi məntiqidir və tarixi bir qərardır".
Daha sonra AzTU-nun elmi katibi Vəfa Rzayeva universitetin Elmi şurasının 12 iyun 2025-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri Doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.
AzTU-nun rektoru Vilayət Vəliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri Doktor diplomunu təqdim edib.
AzTU-nun Fəxri Doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu mötəbər diplomu alması ilə bağlı təşəkkürlərini bildirib.
Ersin Tatar bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətlərində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
MƏLUMAT YENİLƏNİR...