BAKI, TurkicWorld
Türkiyə süni intellekt sahəsində strateji hədəflərlə irəliləyir- Gələcəyin texnologiyası gündəlik həyata inteqrasiya olunur.
TurkicWorld xəbər verir ki, Türkiyə “Milli Süni İntellekt Strategiyası 2021–2025” çərçivəsində texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan süni intellekt üzrə hədəflərini genişləndirib. Bu sahədə həm dövlət, həm də özəl sektor səviyyəsində tətbiqlərin artırılması məqsədilə 2024–2025-ci illəri əhatə edən yeni fəaliyyət planı da hazırlanıb.
Strategiyanın əsas məqsədləri arasında bu sahədə ixtisaslı kadrların hazırlanması, tədqiqat və innovasiya mühitinin gücləndirilməsi, texniki infrastrukturun genişləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və iqtisadi strukturun transformasiyası yer alır.
Süni intellekt artıq səhiyyə, təhsil, kənd təsərrüfatı, hüquq, idman və maliyyə kimi sahələrdə konkret tətbiqlərlə gündəlik həyata daxil edilir. Xəstəliklərin diaqnozu, vergidən yayınmanın qarşısı, sosial yardımların düzgün yönləndirilməsi, məktəbi tərk etmə riski olan şagirdlərin müəyyənləşdirilməsi kimi mövzularda süni intellektdən geniş istifadə nəzərdə tutulur.
Qeyd edək ki, bu istiqamətdə yerli və milli “Türk Böyük Dil Modeli”nin hazırlanması da prioritetlər sırasındadır. Digər tərəfdən, “Milli Məhkəmə Şəbəkəsi Layihəsi” çərçivəsində hüquqi sənədlərin təhlili və təsnifatı üçün süni intellekt alqoritmləri tətbiq olunur.
TÜBİTAK Süni İntellekt İnstitutunun rəhbərliyi ilə davam edən “Ekosistem Çağırışı” çərçivəsində 2025-ci il üçün prioritet sahələr aşağıdakılardır: ağıllı istehsal sistemləri, ağıllı kənd təsərrüfatı və heyvandarlıq, maliyyə texnologiyaları, iqlim dəyişikliyi və ağıllı təhsil texnologiyaları.
Qeyd edək ki, 2025-ci ildən etibarən Türkiyədə 70-dən çox süni intellekt əsaslı proqram üzrə tədris həyata keçiriləcək. Hal-hazırda bu sahədə fəaliyyət göstərən 20 universitetin sayı da artırılacaq.
Türkiyə, 2026-cı ildən sonrakı dövr üçün də süni intellekt strategiyasını yeniləməyi planlaşdırır. Sənaye və Texnologiya Nazirliyi və TÜBİTAK tərəfindən aparılan təhlillər nəticəsində yeni məqsəd və tədbirlər müəyyən ediləcək.
2030-cu ilə qədər süni intellekt texnologiyası bazarının 1,85 milyard dollar həcmə çatacağı proqnozlaşdırılır və bu inkişafın 300 milyon tam zamanlı iş yerinə təsir edəcəyi gözlənilir.