AZ

İran ABŞ ilə nüvə danışıqlarını bərpa edəcək? - AÇIQLAMA

"ABŞ Prezidenti Donald Trampın çox iddialı bəyanatlarına baxmayaraq, İranla İsrail arasında ilkin mərhələdə atəşkəs planı baş tutmadı". 

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O, Ağ Ev rəhbərinin bundan əvvəl də atəşkəs planlarının pozulduğunu xatırladıb:

"Trampın daha əvvəl Qəzzada atəşkəs planı pozulmuşdu. O, hətta bir neçə dəfə Ukraynada atəşkəsin əldə olunması üçün çalışdı, amma alınmadı. Bu dəfə isə İran-İsrail müharibəsində ilk etapda atəşkəsə nail olunmadı. Üstəlik, hər iki tərəf nümayişkaranə şəkildə bu atəşkəsi pozdu".

Ekspert qeyd edib ki, bütün bunlar atəşkəs şərtlərinin prinsipsiz şəkildə hazırlandığını göstərir:

"Sadəcə olaraq Tramp özünün yüksək hesab etdiyi xarizmasına arxalanaraq hər dəfə çağırışlar edir, amma ortada nəticə olmur. Əslində isə atəşkəs çox ciddi hesablanmış bir razılaşma olmalıdır. Bu razılaşmada hər iki tərəfin müəyyən mərhələ üçün konkret öhdəlikləri götürməlidir". 

Siyasi şərhçi İran və İsrail arasında Trampın ilk dediyi kimi atəşkəsin əldə oluna bilməməsinin əsas səbəbini isə belə izah edib:

"İran tərəfi lap əvvəlcədən bildirmişdi ki, ancaq İsrailin atəşi dayandırdığı anda dayanacaq. Yəni ən azından atəşkəsin hər iki tərəf üçün eyni vaxtda başlanmasını təklif etdi. Amma Tramp əvvəlcə İranın, bundan 12 saat sonra isə İsrailin atəşi dayandırması kimi hələlik dünya praktikasında rast gəlməyən bir mexanizm ortaya qoydu. Təbii ki, İran da bunu qəbul etmədi. 

Bütün hallarda, İsrail-İran müharibəsinin dayandırılması üçün atəşkəs lazım idi. Atəşkəs olmayacağı təqdirdə, hətta nüvə proqramı ilə bağlı böyük razılaşmanın əldə ediləcəyi də mümkünsüzdür. Atəşkəs olmasa və bu müharibə dayanmasa, dünya üçün böyük təhlükələr törədə biləcək proseslər yaşana bilərdi. Ona görə də tərəflər daha sonra ortaq məxrəcə gələrək atəşkəs elan etdilər. Lakin onun nə qədər davam edəcəyi də sual altındadır". 

376422

Aydın Quliyevin sözlərinə görə, İran nüvə proqramından imtina etmək ovqatında olan ölkəyə oxşamır:

"Tehranın nüvə proqramı ilə bağlı Amerikanın, İsrailin, İranın və əgər istəsələr Avropanın bir sıra ölkələrinin çox fundamental razılığa gəlməsinə ehtiyac var. Bəlkə də bu razılaşma bütün ölkələrin, o cümlədən İranın da dinc nüvə texnologiyasına sahiblənmə hüququnun tanınması ilə nəticələnə bilər".

Həmsöhbətimizin fikrincə, İranın indiki şəraitdə ABŞ ilə nüvə danışıqlarını bərpa etməsi gözlənilmir:

"Hazırkı şəraitdə ortada İranın nüvə proqramından imtinasını gözləməyə dəlalət edən bir şey yoxdur. Tehran hakimiyyəti iddialı şəkildə özünün dinc nüvə proqramını inkişaf etdirəcəyini bildirir. İran onda nüvə silahının nəinki olmadığını, hətta nüvə silahına doğru heç bir addım atılmadığını iddia edir. 

Lakin bəzi beynəlxalq təşkilatların, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE), o cümlədən ABŞ kəşfiyyatının məlumatları və hesabatları da göstərir ki, İranda nüvə texnologiyasına uyğun proseslər gedir. Hərçənd ki, nüvə silahının hazırlanmasıyla bağlı konkret addımlar və sübutlar yoxdur. Əgər İran sadəcə dinc nüvə proqramını inkişaf etdirmək istəyirsə, o zaman öz üzərinə öhdəlik götürməkdən çəkinməməlidir".

Pərviz

Seçilən
41
50
hit.az

10Mənbələr