AZ

“Bizim akademiyaya işçi götürmək yaxud işdən azad etmək kimi səlahiyyətimiz yoxdur” - AÇIQLAMA+ÖZƏL

Görkəmli sənətkar Rəşid Behbudovun kürəkəni, onun adını daşıyan fondun direktoru Kamil Şahverdiyev ötən gün Modern.az saytına müsahibəsində bildirib ki, sənətkarın qızı Rəşidə Rəşid Bakı Musiqi Akademiyasında vokal müəllimi kimi çalışmaq istəsə də, ona imkan yaradılmayıb. Sənətkarın qohumunun dediyinə görə Akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli onlara “Fidan, Xuraman Qasımova bacıları ilə əlaqə saxlayın, dil tapın” deyə tövsiyyə edib.
 
Mövzu ilə bağlı Moderator.az -a açıqlama verən xalq artisti, görkəmli sənətkar Xuraman Qasımova bildirib ki, onların akademiyaya mütəxəssis götürmək yaxud işdən azad etmək kimi bir səlahiyyəti yoxdur:
 
“Bəlkə də Rəşidə xanımın hörmətli Fərhad Bədəlbəyli ilə belə bir söhbəti olub. Lakin mənim bundan xəbərim yoxdur. O, akademiyanın rektorudur, bu kimi qərarı yalnız o verə bilər. Mən isə illərdir akademiyanın nəzdində olan "Solo oxuma" kafedrasının müdiriyəm. Fidan xanım uzun illərdir həmin kafedranın  professorudur. Açıq desəm, o heç bir zaman gənc istedadlı vokalçılar nəsli yetişdirməkdən başqa hansısa işlərə qatılmaz. Bunu hər kəs bilir. Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi. Arzulayırdı ki, o Bülbül adına orta musiqi məktəbini bitirəndən sonra kafedramıza qəbul olunsun. Fidan xanım onu dinlədi, dəyərli məsləhətlərini verdi, bir müddət hazırlaşdırdı və Rəşid vokal fakültəsinə qəbul olundu, 5 il sonra da bitirdi. Ondan sonra, demək olar ki, heç görüşmədik. Çox nadir hallarda bəlkə də görüşmüşük. Rəşidə xanım mənə bu barədə heç müraciət etməyib. İnanmıram ki, hörmətli rektorumuz ona belə bir cavab versin. İşə almaq və ya işdən kanarlaşdırmaq mənim səlahiyyətimdə deyil. Rəşidə xanım da bizim  dahi Rəşid Behbudovun ailəsinə münasibətimizi gözəl bilir. Elə o hörmətin naminə nəvəsi kafedramızın məzunu oldu. Kamili də çox uzun illərdir tanıyıram. Dəfələrlə proqramlar hazılayıb bizimlə. Ona dostcasına  hörmətimiz var. Açığı çox təəccübləndim. Kaş ki, Rəşidə xanım heç olmasa bir dəfə  olsun mənimlə bu barədə danışsaydı” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, Kamil Şahverdiyev müsahibəsində belə bildirib:
 
“Rəşidə xanım vokal sahəsində də böyük peşəkar insandır, amma əfsuslar olsun ki, imkan vermədilər. Hətta o vaxt nazir Misir Mərdanovla görüşəndə də bunu dilə gətirdik. Misir Mərdanov bizim yanımızda Fərhad Bədəlbəyliyə zəng etdi. O da dedi ki, bizim ştat cədvəlimizdə yer yoxdur. Misir Mərdanov dedi ki, mən ştat cədvəlində yer ayıracam sizə. Ondan sonra mən Fərhad Bədələyli ilə əlaqə saxladım, o dedi ki, Fidan, Xuraman Qasımova bacıları ilə əlaqə saxlayın, dil tapın. Belə...” deyə o bildirib.
Seçilən
9
50
moderator.az

10Mənbələr