Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 23-cü turu çərçivəsində “Qanqvon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Anton bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Daejeon Hana Sitizen” 23 turdan sonra topladığı 20 xalla 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Komanda 23 oyunda 4 qələbə qazanıb, 8 heç-heç edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 51 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.