Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib, burada baş nazir Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşəcək. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir .
Təl-Əvivə eniş etdikdən sonra Sunak HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı hücumlarını “ağlasığmaz, dəhşətli terror aktı” adlandırıb və Böyük Britaniyanın İsrailin yanında olduğunu təkrarlayıb.
“Mən Baş nazir və Prezidentlə görüşü səbirsizliklə gözləyirəm və onların məhsuldar görüşlər olacağına böyük ümidlər bəsləyirəm”, – Sunak bildirib.
Almaniya kansleri Olaf Şolz oktyabrın 17-də İsraildə, ABŞ prezidenti Co Bayden isə oktyabrın 19-da İsraildə, Fransa prezidenti Emmanuel Makronun isə yaxın günlərdə bölgəyə səfəri gözlənilir.
Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının İsrailə qarşı həyata keçirdiyi hücumlardan sonra İsrail müharibə elan edərək Qəzzada müxtəlif hədəfləri atəşə tutmağa başlayıb. Livandakı “Hizbullah” radikal təşkilatının hədəflərinə də zərbələr endirilir.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişənin şiddətlənməsindən bəri Qəzza zolağında təxminən 3500, İordan çayının qərb sahilində 62 nəfər ölüb. Yaralıların sayı 13 minə yaxındır.
İsrail tərəfində isə 1400 ölü və 4500-dən çox yaralı var. Ən azı 199 nəfər HƏMAS tərəfindən İsraildə həbsdə olan fələstinlilərin müqabilində girov götürülüb.