İranın nüvə proqramı ətrafında davam edən müzakirələrdə diqqətçəkən yeni bir təklif ortaya çıxıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Qrossi, ABŞ və İran razılığa gələrsə, tərəflər arasındakı danışıqlarda əsas mübahisəli mövzu olan İranın zənginləşdirilmiş uran ehtiyatlarının Qazaxıstana daşına biləcəyini deyib. Onun sözlərinə görə, bu təklif Qazaxıstan prezidenti Tokayevdən gəlib.
Türk dünyasının aparıcı dövlətlərindən birinin bu prosesdə rol alması isə beynəlxalq diqqəti daha da artırıb. Heç şübhəsiz ki, bu təklif həyata keçərsə, həm nüvə danışıqlarının taleyinə, həm də regiondakı qüvvələr balansına təsir göstərə bilər.
Bu, baş tutacaqmı? Tehran belə bir addımı öz nüvə proqramına məhdudiyyət kimi qəbul etməyəcəkmi?
Qazaxıstanın prosesə qoşulması Türk Dövlətləri Təşkilatının nüfuzuna necə təsir göstərə bilər?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da bir daha xüsusi olaraq vurğuladı ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin Qazaxıstan ərazisində saxlanılması barədə təşəbbüs Tokayev tərəfindən irəli sürülüb: " Əslində bu təklifin həyata keçirilməsi həm nüvə danışıqlarının gələcəyinə, həm də regional geosiyasi balansa təsir göstərə bilər.
Bu planın reallaşması nəzəri baxımdan mümkündür. Qazaxıstan nüvə silahlarından könüllü imtina etmiş ölkələrdən biridir. Bundan əlavə, ölkə artıq beynəlxalq nüvə yanacağı bankına ev sahibliyi edir. Bu səbəbdən Qazaxıstanın neytral vasitəçi kimi çıxış etməsi həm Qərb ölkələri, həm də beynəlxalq təşkilatlar üçün məqbul variantdır.
Lakin əsas məsələ İranın mövqeyidir. Tehran uzun illərdir nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir və uranın zənginləşdirilməsi hüququnun onun suveren haqqı olduğunu vurğulayır. Bu baxımdan, zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması İran daxilində müəyyən siyasi dairələr tərəfindən milli maraqlara və nüvə müstəqilliyinə zərbə kimi qiymətləndirilir. Buna baxmayaraq, əgər belə bir addım sanksiyaların yumşaldılması, iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq təzyiqlərin azalması ilə nəticələnərsə, zənnimcə, Tehran kompromis variantını nəzərdən keçirə bilər. Çünki Qazaxıstan da İran kimi müsəlmanların yaşadığı ölkədir və ortada bir yaxınlıq var".
Partiya sədri onu da qeyd etdi ki, Qazaxıstanın bu prosesə qoşulması Türk Dövlətləri Təşkilatının da beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək: " Son illərdə təşkilat əsasən iqtisadi, nəqliyyat və mədəni əməkdaşlıq platforması kimi tanınır. Lakin qlobal təhlükəsizlik məsələsində üzv dövlətlərdən birinin rol alması türk dünyasının diplomatik çəkisini artıracaq. Bu isə təşkilatın gələcəkdə regional və beynəlxalq problemlərin həllində daha fəal iştirak etməsi üçün əlavə imkanlar yaradacaq.
Eyni zamanda, bu təşəbbüs İran-ABŞ münasibətlərində etimadın formalaşdırılması baxımından da əhəmiyyət daşıyır. Uran ehtiyatlarının üçüncü ölkədə saxlanılması tərəflər arasındakı ən mürəkkəb məsələlərdən birinin həllinə kömək edə bilər. Əgər bu məsələ üzrə razılıq əldə olunarsa, nüvə proqramına dair daha geniş sazişin imzalanması üçün əlverişli şərait yarana bilər. Nəticədə tərəflər arasında sanksiyalar, yoxlamaların mexanizmi və zənginləşdirmə səviyyəsi kimi digər ciddi fikir ayrılıqları da həllini tapar.
İranın zənginləşdirilmiş uran ehtiyatlarının Qazaxıstana daşınması ideyası diplomatik baxımdan real və praktik variant kimi görünür. Lakin onun uğuru yalnız texniki məsələlərdən deyil, həm də Tehran və Vaşinqtonun qarşılıqlı siyasi iradəsindən asılı olacaq. Bu variant tərəflərin ən yaxşı razılaşa biləcəkləri təklifdir. Əgər tərəflər kompromisə hazır olsalar, bu təşəbbüs yeni nüvə razılaşmasına gedən yolda mühüm mərhələ olar və regionda sabitliyin möhkəmlənməsinə töhfə verər".
Cavanşir Abbaslı
Musavat.com