AZ

"İranı məhv etmək imkanları olsaydı, bunu çoxdan edərdilər" - Müharibənin dayanmasının ŞOK SƏBƏBİ

"Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında mövcud olan gərginlik, artıq ilin əvvəlindən, fevral ayından etibarən davam edir. Görünən odur ki, tərəflər heç bir halda razılaşa bilmirlər və onların heç biri kompromisə getmək istəmir. Bu da tərəflər arasında hansısa razılaşmanın əldə olunmasını faktiki olaraq istisna edir".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov səsləndirdi.

Müsahibimizin fikrincə, vəziyyətin bu şəkildə davam etməsi onu göstərir ki, nə ABŞ, nə də İran indiyədək irəli sürdükləri şərtlərdən geri çəkilmək niyyətində deyil.

"Orada həlledici şərtlər mövcuddur və həmin şərtlərlə bağlı tərəflərin heç biri güzəştə getmək istəmir. Buna görə də vəziyyət olduğu kimi qalır. Ancaq indiki halda belə bir sual ortaya çıxır: ABŞ İsraillə birlikdə 40 gün ərzində İrana qarşı kifayət qədər güclü və bəlkə də tarixdə görünməmiş dərəcədə təhlükəli hücumlar həyata keçirdi. İranın ali dini lideri başda olmaqla siyasi və hərbi elitasının bir çox nümayəndəsi öldürüldü, ölkənin mühüm obyektləri və şəhərləri hədəfə alındı. Ən son isə pilotların xilas edilməsi ilə bağlı bir əməliyyat keçirildi. Həmin əməliyyatın əslində pilotların xilas edilməsi adı altında həyata keçirilən fərqli bir əməliyyat olduğunu düşünürəm. Adı belə olsa da, faktiki olaraq məqsəd İsfahanda yerləşən və İrana məxsus zənginləşdirilmiş uranın ələ keçirilməsi idi. Lakin həmin əməliyyat uğursuz oldu. Pilotların xilas edilməsi əməliyyatı kimi təqdim edilsə də, mənim fikrimcə, ABŞ və İsraildə İrandakı zənginləşdirilmiş uranın silah səviyyəsində təhlükə yaradıb-yaratmadığı ilə bağlı tam əminlik yox idi. Məqsəd bunu müəyyənləşdirmək və mümkün olarsa, həmin uranı oradan çıxarmaq idi. Ancaq buna nail ola bilmədilər və əməliyyat uğursuzluqla nəticələndi. Ona görə də hesab edirəm ki, indiki mərhələdə Amerika Birləşmiş Ştatları və İsrail böyük ehtimalla İranda nüvə silahının olub-olmadığını bilirlər, sadəcə bunu ictimailəşdirmək istəmirlər. Çünki bunun açıqlanması nə İrana, nə də ABŞ və İsrailə sərf edir. Bu, İrana ona görə sərf etmir ki, həmin məlumat nə qədər gec məlum olsa, Tehran üçün bir o qədər əlverişli olar. İran üçün əsas məsələ ona hücum edə biləcək tərəflərin ölkədə belə bir silahın olub-olmadığını bilməsidir. Yəni ABŞ və İsrail bunu bilirsə, bu, İrana qarşı yeni hücumların qarşısını almaq baxımından kifayət hesab oluna bilər".

Onun sözlərinə görə, ABŞ və İsrail isə bu məlumatın ictimailəşməsini istəmirlər:

"Çünki belə bir vəziyyət bir çox dövlətlərin, xüsusilə də region və Körfəz ölkələrinin İrana münasibətdə mövqeyini dəyişə bilər. Buna görə də bu məsələnin açıq şəkildə gündəmə gətirilməsində maraqlı görünmürlər. Ya İranda artıq nüvə silahı mövcuddur, ya da ölkə nüvə silahının əldə olunmasına bir addım qalmış səviyyədə zənginləşdirilmiş urana malikdir və istədiyi zaman qısa müddət ərzində onu silah formasına sala bilər. Məhz bu amil, ABŞ-nin böyük hərbi qüvvələrini və donanmasının əhəmiyyətli hissəsini İran və Körfəz bölgəsi ətrafında toplamasına baxmayaraq, genişmiqyaslı hücuma başlamamasının əsas səbəbi kimi görünür. Mən düşünürəm ki, hazırkı vəziyyət belədir və ABŞ ilə İsrail, xüsusilə də ABŞ, maksimum dərəcədə İranı danışıqlar yolu ilə təsir altında saxlamağa çalışırlar. Hazırda müəyyən ərazilərə, xüsusilə İranın cənub hissəsinə və bəzi adalara hücumlar təşkil olunsa da, bunlar əvvəlki hücumlarla müqayisə edilə bilməz. İran tərəfi də bu hücumlara ciddi qarşılıq vermir. Bu isə onu göstərir ki, həmin addımlar ya görüntü xarakteri daşıyır, ya da İrana təzyiq məqsədi güdür və İran da bunu anlayır".

X.Bəşirov bildirdi ki, bu prosesin hara aparıb çıxaracağını indidən söyləmək çətindir.

"Ancaq hesab edirəm ki, hər bir halda ABŞ müəyyən bir razılaşma görüntüsü yaradaraq prosesdən çıxmağa çalışa bilər. Çünki İranı tam şəkildə məhv etmək imkanları olsaydı, bunu daha əvvəl edərdilər. İran daxilində etirazları genişləndirərək mövcud hakimiyyəti devirmək imkanları olsaydı, bunu da həyata keçirərdilər. Əllərinə imkan düşərsə, hazırkı dini liderin öldürülməsinə də cəhd göstərə bilərlər. Belə bir hadisə İranda müəyyən xaos yarada bilər. Çünki əvvəlki liderin ölümündən sonra hakimiyyətə gələn Müctəba Xameneinin ətrafında həm SEPAH, həm də hakimiyyət dairələri birləşdilər və bununla da daxili qarşıdurmanın qarşısı alındı. Ancaq hazırkı lider öldürülərsə, hakimiyyət uğrunda ciddi mübarizə yarana bilər. ABŞ və İsrail də belə bir mübarizədən istifadə edərək ölkə daxilində qarışıqlıq yaratmağa çalışa bilərlər. Bu baxımdan hesab edirəm ki, hazırkı gözləmə mövqeyi həm də bununla bağlı ola bilər. Necə ki, əvvəlki liderin aradan götürülməsi üçün ötən ilin iyunundakı 12 günlük müharibədən sonra 8 ay gözlədilər, eyni şəkildə indiki liderlə bağlı da uzunmüddətli plan qurula bilər. Lakin nəzərə almaq lazımdır ki, həm İsraildə, həm də ABŞ-də seçkilər gözlənilir. Belə bir vəziyyət isə nə Netanyahuya, nə də Trampa siyasi baxımdan sərf edən və onların maraqlarına uyğun olan vəziyyət hesab edilə bilməz", - deyə o vurğuladı.

NURİYYƏ

Seçilən
23
50
redaktor.az

10Mənbələr