Türkiyənin Kırklareli vilayətində yazıçı Aytən Öztürkün qətli ilə bağlı aparılan istintaqda dəhşətli detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, 24 yaşlı təcrübəçi vəkil Berker Sağlam tətil üçün gəldiyi ailə evində xalası Aytən Öztürkü bıçaqlayaraq öldürüb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə qərarı ilə həbs olunub.
İfadəsində psixoloji problemlər yaşadığını deyən Berker Sağlam, xalası tərəfindən zəhərləndiyini düşündüyünü iddia edib. O bildirib ki, başındakı səslər ona “Bu qadın səni öldürəcək” dediyi üçün hücuma keçib.
Şübhəli ifadəsində xalası tərəfindən gətirilən suyun yanında “uran rəngində” bir maddə gördüyünü və yeməyinə radioaktiv maddələr qatıldığını düşündüyünü deyib. Sağlam, “Bir-iki gün içində öləcəyimə inanırdım. Qəzəblə onu öldürməyə qərar verdim” sözlərini işlədib.
Berker Sağlam hadisədən əvvəl spirtli içki qəbul etdiyini və dörd müxtəlif psixoloji dərman istifadə etdiyini də etiraf edib. O, qətli planlaşdırmadığını, bıçağı isə qonşudan aldığını bildirib.
İstintaq materiallarına görə, şübhəli hadisədən sonra kəndin kənarına qaçıb. Qətldə istifadə edilən bıçaq isə daha sonra avtomobildə aşkarlanıb.
Jandarma tərəfindən saxlanılan Berker Sağlam barəsində həbs qərarı çıxarılıb. Hadisə ilə bağlı psixiatrik və kriminal araşdırmalar davam edir.
Musavat.com
