Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və qanunsuz olaraq silah saxlamaqda təqsirləndirilən Həsrət Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda təqsirləndirilən şəxs qismində dindirilən H.Əliyev ifadəsində bildirib ki, başqa cinayət işi ilə bağlı məhkəmə iclaslarına qatılmadığı üçün ötən ilin oktyabr ayından axtarışda olub.
Onun sözlərinə görə, həmin müddətdə övladları ata evində qalıb, o isə uşaqlarla daim əlaqə saxlayıb.
H.Əliyev deyib ki, hadisədən əvvəl mərhum həyat yoldaşı Zəhra ilə münasibətlərində ciddi problemlər yaranıb. O, Zəhranın başqa şəxslə münasibətdə olmasından şübhələndiyini, bu barədə ilk məlumatı isə oğlundan aldığını iddia edib. Təqsirləndirilən şəxs söyləyib ki, sonradan bu məsələ ilə bağlı həyat yoldaşı ilə dəfələrlə danışmağa çalışıb, münasibətləri daha da gərginləşib.
İfadəsində qeyd edib ki, hadisədən əvvəlki gecə saat 00:00-dan səhər saat 05:26-dək mərhumun mobil telefonuna dəfələrlə zəng edib, lakin zənglər cavabsız qalıb. Onun sözlərinə görə, həmin gecə Zaqataladan yola çıxaraq əvvəlcə Xaldan istiqamətinə, daha sonra isə Şəki rayonunun Cəyirli kəndinə gəlib. Səhər saat 07 radələrində mərhumun yaşadığı evə daxil olub. Həyətdə Zəhranın bacısı ilə salamlaşdıqdan sonra evə keçdiyini, otağın qapısının açıq olduğunu gördüyünü deyib. Onun sözlərinə görə, əvvəlcə oğlunu otaqdan çıxarıb, sonra Zəhranı səsləyib.
H.Əliyevin ifadəsinə əsasən, Zəhra yataqdan qalxandan sonra zənglərinə cavab verməməsinin səbəbini soruşanda həyat yoldaşı qışqırmağa başlayıb. Bundan sonra qadına bıçaq zərbələri endirib.
O, əvvəlcə üç zərbə vurduğunu xatırladığını desə də, ibtidai istintaq materiallarında zərbələrin sayının daha çox göstərildiyini qeyd edib. Həsrət Əliyev niyyətinin Zəhranı öldürmək olduğunu etiraf edib.
Müttəhim hadisədən sonra özünə də xəsarət yetirdiyini, intihara cəhd etdiyini, lakin sağ qaldığını bildirib. Təqsirləndirilən şəxs söyləyib ki, mərhumla 15 il birlikdə yaşayıblar və həmin müddətdə onun davranışlarında problem görməyib. H.Əliyev ailə münasibətlərinin pozulmasını qəbul edə bilmədiyini, mərhumun başqa şəxslə münasibətdə olmasını öyrəndikdən sonra hadisəni törətmək qərarına gəldiyini deyib.
Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi isə hadisə günü ailə üzvlərinin səhər saatlarınadək birlikdə olduqlarını deyib. Onun sözlərinə görə, səhər saat 07:10 radələrində həyat yoldaşı ilə birlikdə mənzildən çıxıblar və bir qədər sonra naməlum avtomobilin evləri istiqamətində hərəkət etdiyini görüblər.
Hüquqi varis bildirib ki, az sonra ailə üzvlərindən zəng gəlib, Zəhraya nəsə olduğunu deyiblər. Onlar təcili şəkildə geri qayıdıb və hadisə yerinə çatdıqda tibbi yardım çağırıldığını görüblər.
Onun sözlərinə görə, əvvəlcə baş verənlərin ağırlığını anlamayıb, lakin mərhumun sinə nahiyəsinə toxunduqda əlinin qana bulaşdığını görüb. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.
Hüquqi varis məhkəmədə hadisədən sonra azyaşlı uşağın verdiyi ilkin izahatı da xatırladıb: uşaq bildirib ki, anası oyandıqdan sonra qışqırmaq istəyib, bu zaman Həsrət Əliyev ona bıçaq zərbələri endirib. Daha sonra uşağın otaqdan çıxarıldığı, onun qapının yanında dayandığı və içəridə danışılan bəzi sözləri eşitdiyi ifadədə əks olunub.
İttihama görə, Həsrət Əliyev 2025-ci ilin may ayının sonlarında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış ov bıçağını qanunsuz olaraq əldə edib və üzərində gəzdirməyə başlayıb.
Daha sonra 2025-ci ildə gecə saat 3 radələrində Şəki rayonu ərazisində magistral yolun kənarında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu zaman onun üzərinə baxış keçirilərkən qeyd olunan bıçaq aşkar edilərək götürülüb.
İttihamda o da bildirilir ki, Həsrət Əliyev əvvəllər barəsində seçilmiş həbs qətimkan tədbirindən yayınmaq məqsədilə müxtəlif ünvanlarda gizlənib. Bu müddətdə o, həyat yoldaşı Zəhra Əliyevanın ona xəyanət etməsindən şübhələnib.
Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs azyaşlı oğlu ilə telefon danışıqları zamanı həyat yoldaşının digər şəxslərlə əlaqədə olması barədə məlumatlar əldə edib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Həmçinin azyaşlı uşağın verdiyi məlumat əsasında, hadisə günü qadının valideynlərinin evdə olmayacağını öyrənərək planını həyata keçirmək üçün fürsət tapıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi qiymətləndirilib.
Həsrət Əliyevin hadisəni törətdikdən sonra qaçıb və sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Məhkəmə kollegiyası Həsrət Əliyevin ifadələrini, zərərçəkmiş tərəfin hüquqi varisinin ifadələrini, iş üzrə toplanmış sübutları və digər materialları araşdıraraq belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə) və 228.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib.
Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.