AZ

Rusiya Ermənistandan balıq idxalına məhdudiyyət tətbiq etdi

Rusiya Ermənistandan balıq idxalına məhdudiyyət tətbiq edir

Rosselkhoznadzor Ermənistanın balıqçılıq müəssisələrində aparılan yoxlamaların nəticələrini qeyri-qənaətbəxş hesab edib və İrəvandan Rusiyaya ixrac üçün nəzərdə tutulan canlı balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib.

Məlumata görə, yoxlamalar 21–27 may tarixlərində balıq emalı müəssisələrində, eləcə də forel yetişdirilməsi və saxlanılması ilə məşğul olan təsərrüfatlarda aparılıb. Rosselxoznadzorun bildirdiyinə görə, müəssisələrin təxminən 50 faizi yoxlamadan keçməkdən imtina edib.

Nəticədə yalnız iki müəssisə inspeksiyadan keçib. Həmin müəssisələrin məhsullarının Rusiyaya idxalına yalnız təhlükəsizlik göstəriciləri üzrə laborator nəzarət şərti ilə icazə veriləcək.

Qurumun açıqlamasında qeyd olunub ki, 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistan tərəfi yoxlamadan keçmiş iki müəssisə istisna olmaqla, bütün şirkətlər üzrə Rusiyaya göndərilən canlı balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılmasını dayandırmalıdır.

Bu qərar son həftələrdə Rusiya ilə Ermənistan arasında kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində tətbiq olunan məhdudiyyətlərin davamı hesab olunur.

Belə ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalına məhdudiyyət qoyub. Həmçinin əvvəllər ölkəyə gətirilmiş Jermuk mineral suyunun idxalı və satışı dayandırılıb.

Mayın 23-də bir sıra aparıcı erməni şirkətlərinin spirtli içkilərinin Rusiyada satışına müvəqqəti qadağa tətbiq olunub. Mayın 30-dan isə Ermənistandan pomidor, xiyar və çiyələk idxalına məhdudiyyətlər qüvvəyə minib.

Mütəxəssislər hesab edirlər ki, bu addımlar iki ölkə arasında ticarət və iqtisadi münasibətlərdə yaranan gərginliyin daha bir göstəricisidir.

Seçilən
42
10
ikisahil.az

10Mənbələr