İyunun 2-də Gürcüstanda Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək. Axalkalaki dəmiryol stansiyasında təşkil olunacaq tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Amma bu dəmir yolunun 9 il əvvəl Azərbaycanda rəsmi açılış mərasimi baş tutub. 2017-ci il oktyabrın 30-da BTQ xətti ilə ilk qatarın yola salındığı açıqlanmışdı.
Həmin vaxt Bakıdan 70 km cənub-qərbdə yerləşən Ələt qəsəbəsində keçirilən açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev və Özbəkistanın baş naziri Abdulla Aripov qatılmışdı. O vaxt BTQ-nin Avropa və Asiyanı birləşdirən ən qısa yol olduğu vurğulanmışdı. BTQ ilə ilkin mərhələdə hər il 5 milyon ton, növbəti illərdə isə 17 milyon tona qədər yük daşınmalı idi. Ümumi uzunluğu 827 kilometr təşkil edən xəttin 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Bu kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır. "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin mayından 2024-cü ilin mayınadək Bakı-Tiflis-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib. Vurğulandığına görə, aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qarsdəmiryol xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulurdu. Bunun üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən sərnişin qatarlarının alındığı da açıqlanmışdı. O vaxt 10 vaqondan ibarət ilk sərnişin qatarı 2019-cu ilin martında Bakıya gətirilmişdi. Həmin ilin avqustunda isə Azərbaycan tərəfi bildirmişdi ki, Gürcüstan və Türkiyə sərnişin qatarlarını qəbul etməyə hazır olduqdan sonra daşımalara başlanılacaq.
2020-ci ilin yazında isə koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırıldı. Amma bu günlərdə öncə Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa edilib. 2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını bəyan etsə də, Azərbaycan hələ də karantin rejimini saxlayır. Rəsmilər bunu təhlükəsizlik amili ilə izah edirlər. Layihə bu ay Gürcüstan baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolunda yenidən gündəmə gəlib. Sənəddə Bakı-Tiflis-Qars dəmiryol xəttinin Marabdadan Türkiyə sərhədinədək olan hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulur. Bakı-Tiflis-Qarsdəmiryol layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan–Gürcüstan–Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib. BTQ-nin ümumi uzunluğu 827 kilometrdir. O, Avropadan Çinə qədər olan dəmiryol şəbəkələrini birləşdirən daha böyük ticarət dəhlizinin — "Böyük İpək Yolu" layihəsinin bir hissəsi sayılır. Tikintisinə 2007-ci ildə başlanan və 10 il sonra tamamlananbu layihəyə ənənəvi dəniz yolları ilə Çindən Avropaya yüklərin daşınması 25–45 gün çəkdiyi halda, bu müddət 15 günə qədər azalır. Rusiya ərazisindən keçən ənənəvi şimal yollarının geosiyasi riskləri fonunda, qlobal logistika şirkətləri BTQ xəttini ən etibarlı və təhlükəsiz quru marşrutu kimi qəbul edir.
Tahir TAĞIYEV