Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu gün görkəmli ispan şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Xuan Ramon Ximenesin anım günüdür.
Kulis.az onun şeirlərini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
***
Sakit, ilıq, səmirsiz
gecə də dönməyəcəm,
Öz tənha hilalının
şöləsi arasında
yatacaq bütün aləm.
O vaxt ki, bu yerlərdə
kölgəm də qalmayacaq,
sərin hava şırnağı
ruhum üçün axacaq
açıq pəncərələrdən.
Gözləyən olacaqmı,
məni, düzü, bilmirəm
ikiqat və upuzun
ayrılıqdan bezəndə,
Öpüşlə, göz yaşıyla
dolu xatirələri
anacaqlarmı görən?
Amma güllər, ulduzlar,
ümidlər də və ahlar,
budaq və divarların
kölgəli küçəsində
busə alan dodaqlar -
- bax, bunlar olacaqdır.
Royal, bax, bu səmirsiz
gecədə olduğutək
yenə də səslənəcək.
Pəncərə ağzındakı
o dalğın dinləyici
taybatay qapıları
bir daha örtməyəcək.
***
Qəlbimi qızılıya
qürub günəşi saldı,
Gecə onu çıxarıb
baxdım: yalnız parıltı...
Bir ovuc gümüş atdı
Sübh vaxtı qəlbimə Ay,
Qapıları bağlayıb
baxdım: yalnız parıltı....
***
- Uçuş vaxtı quşların batıq səsi heç olmasa...
- Dərdli gözdə qızılgülün unudulmuş rayihəsi.
- Heç olmasa göy üzünün göz yaşında öləziyən mavisi...
***
Mən də gedəcəyəm. Əvvəlki kimi
o quş oxuyacaq.
Yenə həmin bağca, bağçada ağac,
bir də ki ağ quyum mənim qalacaq.
Günün axırında şəffafca, sakit
qürub donacaq.
Ətraf qüllələrin zəngləri isə
məni anacaq.
Küçələr illərlə özgələşəcək,
Mənim sevdiklərim qalmayacaqdır.
Bağçama hasarın bəyazlığından
həsrətlə tək kölgəm boylanacaqdır.
Mən gedəcəyəm, tək və kimsəsiz.
Mehindən, şehindən sübhün xəbərsiz,
bir də ağ quyumu qoyub gedəcəm...
Quşlarsa elə hey, hey oxuyacaq,
əvvəlki kimi...
***
Elə yenə səni sevərdim, qadın,
Daş kimi doğulsaydım.
Elə yenə səni sevərdim, qadın,
Dalğa olub coşsaydım.
Elə yenə səni sevərdim, qadın,
Atəş kimi yansaydım.
Elə yenə səni sevərdim, qadın,
Çaşsaydım,
Kişi kimi doğulsaydım...
***
Soyuq buğ. - Xoruzların banlaması.
Şimşək və Ay. - Çağanın ağlaması.
Bomboş dalan. - Sadəlövh köpək.
Qaranlıqdı hələ. - Fikirli adam.
***
Kasıb uşaqlara bənzəyirəm,
əlimdən tutub
dünya adlı əşya bazarında
gəzdirirlər məni.
Dörd olur gözlərim,
o qədər qüssə verirlər ki mənə.
Ən pisi, əliboş qaytarırlar...
"Hara qaçsan, gec ya tez plana düşəcəksən..." - Şeirlər
Məşhur müğənni vəfat etdi
"Mühasirənin səsi" adlandırılan Olqa Berqqolts kim idi?
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.