AZ

“Bir yarış həyatımı məhv etdi” – 11 ildən sonra yeriyən Avropa çempionumuzla MÜSAHİBƏ

Azərbaycan ağır atletikasının parlaq simalarından biri olan Rüstəm İmanzadə Avropa rekordçusu, Avropa çempionu və dünyanın ən güclü idmançısı adına layiq görülmüş idmançılardandır. O, illərlə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edib, Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandırıb. Lakin böyük uğurların arxasında ağır və ağrılı bir həyat hekayəsi dayanır. 11 il öncə Avropa çempionatında çıxışı zamanı aldığı ağır zədə nəticəsində Rüstəm İmanzadə sağlamlığını və yerimə qabiliyyətini itirib. Uzun illər təkərli əlil arabasına məhkum olan idmançı üçün həyat həmin gündən tamamilə dəyişib. Aradan keçən 11 ildən sonra isə Rüstəm bu il ilk dəfə yenidən yeriməyə başlayıb. Hazırda Moskvada müalicə alan keçmiş çempion ayaqları üzərində dayanmaq və normal həyata qayıtmaq uğrunda mübarizəsini davam etdirir.

Rüstəm İmanzadə yaşadığı ağır sınaqları, idman karyerasını və həyatını dəyişən faciəvi hadisəni Musavat.com-a danışıb. Onun ağır atletikaya başlaması, qazandığı uğurlar və bu yolda sağlamlığını itirməsi ilə bağlı hekayəsini təqdim edirik:

- Mən Lənkəran şəhərində anadan olmuşam. Bir aydan sonra 28 yaşım olacaq. Ağır atletika ilə 8 yaşımdan məşğulam. Lənkəranda ağır atletika çox məşhur idman növüdür. Bu idman növü üzrə ən güclü idmançılar da əsasən oradan çıxır. Ailədə tək övladam, nə bacım, nə qardaşım var. Ailəmizdə məndən başqa idmançı olmayıb. Atam rus dili müəllimidir. Amma qohumlarımız arasında idmanla məşğul olanlar var idi, onların təsiri ilə mən də bu idmana başladım. İlk yarışlarımdan artıq çempion olmağa başlamışdım. Üç-dörd ay ərzində bu idman mənə çempionluqlar qazandırdı. Bir uşaq üçün, xüsusilə 8 yaşında qalib gəlmək, hər yerdə birinci olmaq çox böyük həvəsə gətirirdi, motivasiya verirdi. Beləliklə, 2-3-4-cü yarışlarda da çempion oldum. Artıq 10 yaşımda Azərbaycan milli komandasına seçildim. Uşaqlıqdan məndə böyük perspektiv görürdülər. Deyirdilər ki, gələcəkdə çox güclü idmançı olacağam, hətta Olimpiya medalına qədər yüksələ bilərəm deyə güvənirdilər.

Təxminən 30-a yaxın ölkədə olmuşam. Ən böyük uğurlarımdan biri Avropa çempionluğu idi. 2013-cü il sentyabrın 14-də Litvanın Klaypeda şəhərində keçirilən yarışda Avropa çempionu oldum. Azərbaycandan yeniyetmələr arasında yeganə atlet idim ki, bir yarışda qazanması mümkün olan bütün nəticələri qazandım. Bildiyiniz kimi, ağır atletikada birdən qaldırma, təkanla qaldırma və iki hərəkətin cəmi üzrə nəticələr olur. Mən üç qızıl medal qazandım, üç Avropa rekordu qırdım və yarışın sonunda Avropanın ən güclü ağır atleti seçildim.

-Karyeranız sonra necə davam etdi?

-Daha sonra böyüklər arasında dünya çempionatında iştirak etdim. Mənim 16 yaşım var idi, amma məndən xeyli böyük idmançılar arasında yarışırdım. Orada 45 nəfər arasında 11-ci yeri tutdum. Bu yarış Olimpiadaya lisenziya yarışı idi.

-Daha sonra həyatınızı dəyişən zədə baş verdi...

-Bəli. Çox təəssüf ki, həmin yarışdan cəmi 20 gün sonra məni yenidən başqa yarışa apardılar. Halbuki o yarış mənim yaş kateqoriyama uyğun deyildi. Gənclər arasında Avropa çempionatı idi. Orada birdən qaldırmada üçüncü yerə çıxmışdım, təkanla qaldırmada isə artıq qızıl medala doğru gedirdim. Çox təəssüf ki, 128 kiloqramı qaldırarkən dirsəyim çıxdı və ağırlıq belimə düşdü. Çox ağır zədə aldım. Nəticədə 11 ildir ki, sağlamlığımı və əvvəlki fiziki imkanlarımı itirmişəm. O zaman cəmi 16 yaşım var idi.

- Bu ağırlıq sizin üçün həddindən artıq idi?

- Xeyr. Mən məşqlərdə bundan da artıq çəkilər qaldırmışdım. Hətta 160 kiloqram təkanla qaldırmışdım. Sadəcə həmin gün bədbəxt hadisə baş verdi. Üstəlik, bir idmançını 20 gün ərzində iki ağır yarışa aparmaq düzgün deyildi. Ən azı 2-3 ay dincəlməli idim. Amma mən o dövrdə komandanın ən güclü idmançılarından biri olduğum üçün fasiləsiz yarışlara göndərilirdim.

-Bundan əvvəl də zədəniz olmuşdu?

- Bəli. Daha əvvəl 2012-ci ildə Slovakiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında da həmin qolum qırılmışdı. Sonuncu yarışda yenə eyni qolum zədələndi və ağırlıq belimə düşərək çox ağır travmaya səbəb oldu.

-Hadisədən sonra nə baş verdi?

-Məni dərhal xəstəxanaya apardılar. Bir gün ərzində uyğun xəstəxana axtardılar. Yarış Kiprin Limasol şəhərində keçirilirdi və orada çox güclü, amerikalı bir həkim tərəfindən əməliyyat olundum. Əməliyyat 6 saat davam etdi və çox uğurlu keçdi.
Əməliyyatdan sonra həkim mənə çox motivasiya verirdi. Deyirdi ki, sən ayağa qalxacaqsan, yenidən çempion olacaqsan. Güclü xarakterim olduğunu deyirdi. Mənə ümid verirdi ki, 6 ay boyunca güclü müalicədən sonra yenidən sağala bilərəm.
Onurğamdan, T11, T12, L1 və L2 nahiyələrindən əməliyyat olunmuşam. Hazırda həmin nahiyələrdə xüsusi millər var. Həkim deyirdi ki, əsas məsələ güclü müalicə və fizioterapiyadır.

-Sonra müalicəniz necə davam etdi?

- Azərbaycan Ağırlıqqaldırma Federasiyası məni müalicə üçün Rusiyada bir xəstəxanaya göndərmişdi. Üç aydan sonra artıq ayaqlarımda müəyyən irəliləyiş hiss olunurdu. Ayaqlarımı tərpətməyə başlamışdım. Həkimlər belə sürətli irəliləyişə təəccüblənirdilər. Çünki həm müalicə alırdım, həm də öz üzərimdə işləyirdim. Ancaq çox təəssüf ki, bu qədər gözəl proses gedərkən məni Azərbaycana gətirdilər və bildirdilər ki, daha güclü xəstəxanaya göndərəcəklər. Amma çox təəssüf ki, belə olmadı, aldatdılar. Məni gətirib Şağanda bir müəssisəyə yerləşdirdilər və çıxıb getdilər.


- Ailənizin reaksiyası necə oldu?

-Federasiyanın və nazirliyin işçiləri ailəmə demişdilər ki, narahat olmayın, hər şeyi özümüz həll edəcəyik, başqa bir ölkəyə müalicəyə göndərəcəyik. Amma vəziyyət tamam başqa cür oldu. Sonra ailəm gəldi, hətta şikayət etmək istəyirdik. Çünki bu münasibət düzgün deyildi. Həmin vaxt yeriyə bilmirdim, sadəcə ayaqlarımda yeni-yeni hərəkətlər başlamışdı.

-Sonra sizə kim dəstək oldu?

- Bir müddət sponsorum olan “Zirvə” klubunun prezidenti Tofiq Heydərov mənə dəstək oldu. Amma müəyyən vaxtdan sonra o dəstək də dayandı və mən tamamilə ortada qaldım. Federasiyaya çox məktub yazdım, müraciətlər etdim, amma nəticə olmadı.

-Gənclər və İdman Nazirliyi tərəfindən dəstək göstərildimi?

-Keçən il məni yenidən əməliyyata göndərdilər və xərcləri qarşıladılar. Çox uğurlu əməliyyat oldu. Həkim dedi ki, əgər fizioterapiyanı dayandırmasam, yenidən ayağa qalxa bilərəm. Amma əsas problem illərlə mənə davamlı dəstək olunmaması idi. Mən nazirliyə bildirdim ki, fizioterapiya almalıyam, dedilər ki, buna imkanları yodur və mənə dəstək göstərə bilməyəcəkər.

Buna görə də utansam da, kart hesabı açdım və insanlardan məcburən kömək istədim. Dostlarım dedi ki, artıq söhbət sağlamlıqdan gedir, utanmağa ehtiyac yoxdur. Hazırda aylardır xəstəxanadayam və müalicə alıram. Çox şükür ki, nəticələr yaxşıdır. 11 ildən sonra yenidən müəyyən köməkçi vasitələrlə yeriyirəm. Bu da mənim üçün böyük bir başlanğıcdır. Həkimlər də deyirlər ki, nəticələr ümidvericidir və müalicəni davam etdirmək lazımdır. Artıq 5 aydır ki, Rusiyada “Tri sestrı” klinkasında müalicə alıram. Daha 6 ay da bu müalicəni davam etdirməliyəm. Hər ay bunun üçün mənə maddi dəstək lazımdır.

-Sizə bu müddətdə ən böyük dəstəyi kim verdi?

-Xeyirxah insanlar. Onların dəstəyi sayəsində bu günə qədər müalicəmi davam etdirə bilirəm. Çox çətindir. Açığı, bilmirəm necə davam edəcəyəm. Xəstəxana xərcləri var, onları ödəməliyəm. Amma dayanmaq da olmur. Çünki dayansam, indiyə qədər qazandıqlarımı da itirəcəyəm və sağalma ehtimalım daha da azalacaq.

- Müalicənin aylıq xərcləri nə qədərdir?

-Çox yüksəkdir. Normalda daha baha olur, amma sağ olsunlar, mənə böyük endirim ediblər, hər ay 15 min manat xərcim çıxır. Tanınmış idmançı olduğumu və vəziyyətimi nəzərə alıblar. Həkimlər də görür ki, hər gün daha yaxşı oluram. Artıq müəyyən məsafəni yeriyə bilirəm. Bu, 11 ildən sonra mənim üçün inanılmaz nəticədir. Həkim deyir ki, ilin sonuna qədər burada qalmalıyam. Müalicə davam etsə, daha böyük nəticələr olacaq. Deyirlər ki, artıq xəstəxanadan çıxıb özüm evə gedə biləcəyim mərhələyə yaxınlaşıram. Hazırda bəzi köməkçi vasitələrlə yeriyirəm, amma məqsəd odur ki, zamanla onları da kənara qoyum və sadəcə çəliklə yeriməyə başlayım. Əsas məqsəd öz ayaqlarım üzərində dayanmaqdır.

- Müalicə əsasən nədən ibarətdir?

-Güclü fizioterapiya proqramıdır. Üzgüçülük, hovuz məşqləri, elektrostimulyasiya, masaj, müxtəlif terapiyalar, robotlarla məşqlər, yerimə məşqləri və çox sayda idman hərəkətləri olur. Burada ən vacib məsələ düzgün proqramdır. Mən əvvəllər də müxtəlif xəstəxanalarda müalicə almışam. Amma nəticə bu qədər olmamışdı. Burada isə hiss olunur ki, hər şey sistemli şəkildə qurulub. Yerimək üçün hansı əzələlər işləməlidirsə, məhz onlar üzərində işləyirlər. Düzgün proqram çox vacibdir. Mən düşünürəm ki, illərlə əsas problem düzgün proqram və davamlı müalicənin olmaması idi.

-Federasiya sonradan sizinlə maraqlandımı?

-Xeyr, maraqlanmadılar. Ondan sonra artıq federasiya rəhbərliyi də dəyişdi. Maaşımı da kəsdilər.

-Siz həm federasiyanın üzvü idiniz, həm də “Zirvə” klubunun idmançısı?

-Bəli. “Zirvə” sadəcə sponsorum idi. Mən federasiyanın idmançısı idim.

-Bu illər ərzində həyatınız necə keçdi? Mənəvi və maddi baxımdan necə yaşadınız?

- Mən Bakıda, Xırdalanda tək yaşayıram. Ailəmlə birlikdə deyiləm. Çünki valideynlərimin mənim vəziyyətimə görə üzülməsi mənə çox pis təsir edir. Onların kədərləndiyini görmək məni də psixoloji olaraq geriyə salırdı. Ona görə tək yaşamağı seçdim. Sağ olsunlar, mənə kömək edən insanlar oldu. Bir neçə nəfər var ki, illərlə həm maddi, həm də mənəvi dəstək göstərdilər. Yeməyimdən tutmuş gündəlik ehtiyaclarıma qədər kömək etdilər. Mən bu illəri onların sayəsində keçə bildim. Əgər onlar olmasaydı, bilmirəm necə olardı. Çünki maaşımı da kəsmişdilər, heç kim məni axtarmırdı.

-Psixoloji olaraq özünüzü necə qoruyurdunuz?

-Mən çalışırdım hər zaman gülüm, pozitiv olum. Dostlarım məni gəzməyə aparırdı. İnsanlar da mənim güldüyümü görəndə elə bilirdilər ki, hər şey yaxşıdır. Hətta bəziləri düşünürdü ki, artıq mənim heç bir problemim yoxdur. Mənə paralimpiya idmanı ilə məşğul olmağı təklif edirdilər. Amma mən bunu qəbul etmədim.

- Niyə qəbul etmədiniz?

-Çünki mən heç vaxt özümü bu vəziyyətlə barışmış insan kimi görmədim. Həmişə ayağa qalxmaq üçün mübarizə apardım və hələ də aparıram. Son aylarda insanların dəstəyi sayəsində böyük nəticələr əldə etmişəm. Ümid edirəm ki, bundan sonra da mənə dəstək olacaqlar və mən müalicəmi davam etdirə biləcəyəm. Ən böyük arzum ayağa qalxmaqdır. Öz ayaqlarımla yeriməkdir. Açığı, bir vaxtlar yenidən idmana qayıtmaq istəyirdim. Amma illər ərzində yaşadıqlarım məni çox soyutdu. İndi əsas məqsədim sağlam olmaqdır.

- Sizcə, yaşadıqlarınız insanlarda idmana qarşı qorxu yaradıb?

-Bəli. Mənə çox valideyn yazır. Deyirlər ki, sizin başınıza gələnləri görəndən sonra uşaqlarını idmandan uzaqlaşdırırlar. Çünki düşünürlər ki, sabah övladları zədə alsa, tək qala bilər. Bu isə həm idmanımız, həm də ölkəmiz adına çox üzücü vəziyyətdir.

-Sonda ağır atletikaya yeni başlayan gənclərə nə məsləhət verərdiniz?

-Tələsməsinlər. Öz bədənlərini dinləsinlər. Daha səbirli və diqqətli olsunlar. Şəxsi məşqçilərinin sözünə qulaq assınlar. Çünki şəxsi məşqçi idmançını daha yaxşı tanıyır. Milli komandada isə hər şey daha fərqli olur. Mən istəyərdim ki, gənclər özləri də araşdırsınlar, oxusunlar, məlumatlı olsunlar. İndi texnologiya dövrüdür, hər şeyi öyrənmək mümkündür. Mənim yaşadıqlarımdan nəticə çıxarsınlar və öz sağlamlıqlarına daha diqqətli yanaşsınlar.

Şahanə Rəhimli
Musavat.com


Seçilən
21
21
musavat.com

10Mənbələr