AZ

Yusif Vəzir İrəvanda – Osmanlıdan 26000 erməni ailəsi buraya yerləşdirilib

BAKI, 29 may. TELEQRAF

Azərbaycan Cümhuriyyətinin Ukrayna və Türkiyədəki diplomatik təmsilçisi Yusif Vəzir Çəmənzəminlinin bioqrafiyasındakı maraqlı məqamlardan biri də onun 1935-ci ildə bir qrup azərbaycanlı yazıçı ilə birlikdə İrəvan şəhərinə səfər etməsidir. Cümhuriyyətin işğalından sonra bir müddət mühacirətdə ağır şərtlər altında yaşayan Yusif Vəzir hökumətdə olan tələbə yoldaşlarının dəvətilə vətənə qayıdıb, Müsavat hökuməti ilə əlaqələrini mənfi şəkildə nəticələndirib. Sürgün olunana qədər vətəndə yaşayan Yusif Vəzir Ermənistanın sovetləşməsinin 15-ci ildönümü münasibətilə bu ölkəyə göndərilən briqadaya daxil edilib.

Yusif Vəzir səfərdən sonra təəssüratlarını yazsa da, məqalə əsasən dövrün şərtlərinə uyğun olaraq Sovet Ermənistanının tərifinə həsr edildiyi üçün mühüm məlumat verməməkdədir. Amma İrəvanda latın qrafikası ilə Azərbaycan dilində çıxan “Qızıl şəfəq” qəzeti səfər barədə daha maraqlı materiallar hazırlayıb. Qəzet heyətlə bağlı ilk xəbərində yazıb: “Oktyabrın 12-də Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, H. Mehdi, M. Müşfiq və Sabit Rəhman yoldaşlardan ibarət Azərbaycan şura yazıçıları briqadası İrəvana gəlmişdir”.

“Qızıl şəfəq” heyətin 15 gün qalacağını, Ermənistandakı kolxoz quruluşu, incəsənət, ədəbiyyat və sair sahələrdəki inkişafla tanış olacağını qeyd edib, ilk olaraq Vaqarşabat rayonuna (Eçmidəzin, Üçkilsə) gedəcəklərini bildirib.

Bundan öncə isə onlar Dilicanda gecələyiblər. Yusif Vəzir həmin il qələmə aldığı “On beş gün Ermənistanda” adlı məqaləsində yazırdı: “Dilicanda gecələməyi kəsdiririk. Asfaltlanmış geniş küçə yağmurdan sonra ətraf işıqları əks etdirərək dəniz səthini andırır. Payızın ilıq gecəsi ciyərlərimizi oxşayır. Ağaclar və evlər arasından hərdənbir ətrafa göz gəzdiririk: sıldırım təpənin aşağısındakı dərəyə, yamaclara və meşəyə doğru diklənən döşlərə sanki zər səpmişlər...”

Göyçə yolu ilə İrəvana getdiklərini yazan Yusif Vəzir məqaləsində şəhərin tarixinə toxunub, ermənilərin köçürülməsindən də bəhs edib: “Tarixin qanlı səhifələri gözümüzün önündə birər-birər vərəqlənir. Ərəb axını. Çingiz. Teymur. Ta XV əsrdən başlayaraq üç yüz il davam edən Osmanlı—İran müharibələri. Qafqaz əldən-ələ keçib dağılır. Rus—İran, Rus—Osmanlı müharibələri başlayır. Bu münbit torpaqlar təkrar-təkrar tapdaq olur. Qaçqın axını başlayır. Xalq ata-baba yurdunu tərk etmək məcburiyyətində qalır. İran Azərbaycanından 8000, Osmanlıdan 26000 erməni ailəsi qaçıb bu yerlərdə iskan olunur (yerləşdirilir)...”

Bu maraqlı faktla yanaşı Yusif Vəzirin məqaləsinin ümumi ruhu dönəmin ab-havası ilə birbaşa bağlıdır. Hər cümləsində bolşevik rejimini tərifləməyə, vaxtilə özünün də mənsub olduğu firqəni tənqidə məcbur qalan yazıçı ara-sıra bölgənin gerçək sahibləri ilə görüşlərinə də toxunub: “Azərbaycanlılar oxuyan pedtexnikuma gedirik. Müdir bizi məktəblə tanış edir. 271 tələbəsi var, o cümlədən 25-i qızdır. Tələbələr əsərlərini daima oxuduqları Azərbaycan yazıçılarını görmək məqsədilə kabinet qapısına və koridora doluşmuşlar. Bizi küçəyə qədər ötürürlər”.

Daha sonra Eçmiədzin kilsəsinə gedən heyət oradakı qədim kitablarla, miniatürlərlə tanış olublar. Heyət daha sonra rayonun “Allahsızlar” adlı kolxozunda olub, kəndlilərlə söhbət ediblər. Rayon partiya komitəsinin katibi Bedrosyan rayonun 10 türk kəndində başda qonaqların, eləcə də digər azərbaycanlı yazıçıların əsərlərinin kütləvi nəşrinə söz verib. Daha sonra heyət erməni yazıçılarla görüş keçirib, qarşılıqlı şəkildə əsərlərin tərcüməsinə qərar veriblər. Görüşdə Mikayıl Müşfiqin artıq erməni şairlərin əsərlərindən tərcümələr etdiyi, bir antalogiya hazırladığı bildirilib.

Yusif Vəzirin bioqrafiyası

“Qızıl şəfəq” qəzetinin 17 oktyabr 1935-ci il tarixli sayında Yusif Vəzirin fotoşəkli və qısa bioqrafiyası verilib:

“Yusif Vəzirov (Çəmənzəminli) 1887-ci ildə Şuşa şəhərində təvəllüd etmişdir. O, ali təhsilini Kiyev darülfünununun hüquq fakültəsində almışdır. Onun birinci məqaləsi 1907-ci ildə “Molla Nəsrəddin” məcmusunda çap olunmuş və 1911-ci ildə “Məlik Məmməd” sərlövhəsi (sərlövhəsi) ilə ilk kitabı nəşr olunmuşdur. 1912-13-cü ildə Yusif Vəzirin ilk hekayələr məcmusu çap olunmuşdur.

İbtidai kommunizm və Yaxın Şərqin qədim mədəniyyətinə aid “Qızlar bulağı” romanı dəxi Yusif Vəzirin qələm məhsuludur.

1931-ci ildə Vəzirovun “Tələbələr” romanının birinci hissəsi, bu il isə ikinci hissəsi çapdan çıxmışdır. Onun əsərlərindən bəziləri dəfələrlə çap olunmuşdur.

Yusif Vəzirov Tolstoy, Turgenev, Neverov və Seyfulinadan bir sıra qiymətli tərcümələr etmişdir”.

Qəzet eyni həcmdə Mehdi Hüseynin biqorafiyasını, Mikayıl Müşfiqin isə “Buzlu yollar” şeirini dərc edib.

“Qızıl Şəfəq”in redaksiyasında

Yusif Vəzir məqaləsində “Qızıl şəfəq”in redaksiyasını ziyarət etdiklərini yazıb. Qəzetin 18 oktyabr 1935-ci il tarixli sayında bu barədə maraqlı yazı hazırlanıb. “Qardaş Azərbaycan şura yazıçıları idarəmizdə” adlı məqalənin girişi bu şəkildədir:

“Saat biri 15 dəqiqə keçirdi. Biz onları səbirsizliklə gözləyirdik. Hər kəsdə dərin bir həyəcan hiss olunurdu. Gözlərdə sevincli bir təəssür, qəlblərdə isə qeyri-ritmik çarpıntılar duyulurdu.

Kim isə...

— Gəldilər —dedi.

Hamımız qeyri-iradi olaraq bir tərəfi şüşəbəndliklə əhatə olunmuş dar koridora çıxdıq. Onlar nə qədər məmnun, nə qədər məsrur və vüqarlı idilər.

— Salam.

— Salam...

Onlar və bizimkilərdən bir neçəsi redaktorun çox da böyük olmayan kabinetində əyləşdilər.

20 saniyə qədər xəfif bir sükut...

— Şuralar Ermənistanından aldığınız təəssürat ilə qəzetə işçilərimiz olduqca maraqlanırlar.

Məhəmməd Səid Ordubadi rəsmi nitqə başlayaraq:

— Biz Azərbaycan sərhədini keçdikdən sonra Dilicana daxil olduq. Burada rayon firqə komitəsi katibi yoldaş Anuşavan və bir çox məsul işçilər bizi olduqca yaxşı və səmimiyyətlə qarşıladılar. Nəhayət İrəvana gəlib çıxdıq. Mən şəxsən 1911-ci ildə İrəvanı görmüşdüm. İrəvan tamamilə simasını dəyişmiş; yeni və nəhəng fabrika-zavodlar, yeni sistemli yüksək binalar, tramvay... sairə. Türk pedaqoji texnikumu bizdə böyük və dərin intibalar yaratdı...”

Daha sonra Mehdi Hüseyn, Mikayıl Müşfiq ədəbi əlaqələrdən danışıblar. Qəzet materialında belə bir qeyd də verib: “Ara-sıra Çəmənzəminlinin şux və səmimi gülüşləri kabineti doldururdu”.

“Qızıl şəfəq”də bu materialı hazırlayan qəzetdə bir çox məqaləsi olan Abbas Azəri olub. Qonaqlar redaksiyada xatirə şəkil də çəkdiriblər. Təəssüf ki, fotoşəkil qəzetdə yaxşı çıxmayıb. Alt yazıdan aydın olur ki, görüşə redaksiya işçilərindən Ə. Həşimov və Ə. İbrahim də qatılıblar.

Qəzetin 20 oktyabr 1935-ci il tarixli sayında heyətin səfərinin xülasəsi verilib, bir çox yerləri gəzdikləri, eləcə də Vedi rayonundakı 10 illik məktəbi ziyarət etdikləri qeyd olunub. Burada Müşfiq şeirlərini oxuyub, ardınca Dəvəli sement zavoduna yola düşüblər. Bu sayda heyətin İrəvanda daha keyfiyyətli bir fotoşəkli verilib.

“Qızıl şəfəq”in məlumatına görə oktyabrın 24-də heyət İrəvandan Leninakana (Gümrüyə) yola düşüb. Bakıya qayıtmazdan öncə onlar bir erməni mətbuatına bəyanat veriblər. Ordubadi “Eçmidəzin” adında roman yazacağını, daşnak dövrü ilə indiki Ermənistanın həyatını təsvir edəcəyini bildirib.

Yolda heyətin başına kiçik bir hadisə də gəlib. Heyətin bir qrupunu aparan maşın aşdığı üçün Mehdi Hüseyn, Mikayıl Müşfiq və iki nəfər yüngül şəkildə yaralanıblar. Xəstəxanaya aparılan gənc ədiblər qısa zamanda ayağa qalxıblar və briqada Bakıya qayıdıb.

Şübhəsiz ki, bu səfər Sovet Ermənistanının 15 illiyinin təbliğatı ilə bağlı olub. Yusif Vəzirin məqaləsi də tamamilə bu səpkidədir. Amma İrəvanda fəaliyyət göstərən “Qızıl şəfəq” qəzetinin redaksiyasının azərbaycanlı heyətə göstərdikləri sevgi vətəndən ayrı düşmüş insanların doğmalaşması idi...

Seçilən
41
50
teleqraf.com

10Mənbələr