AZ

Bu gün şəhid Ramil Yusif-zadənin doğum günüdür

Ramil Yusif- zadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur.

QHT.az xəbər verir ki, 2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusif- zadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Seçilən
91
50
qht.az

10Mənbələr