Mayın 30-dan etibarən Ermənistandan Rusiyaya meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, Ermənistandan gətirilən təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalı məhsulların təhlükəsizliyini təmin edən mexanizm hazırlananadək dayandırılır.
“Rosselxoznadzor” bildirib ki, qərar Ermənistandan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarında pozuntuların artması və fitosanitar təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
Qurum qeyd edib ki, mayın 21-dən 27-dək Ermənistandakı müəssisələrdə aparılan yoxlamalar zamanı Avrasiya İqtisadi İttifaqı ölkələri üçün karantin hesab edilən zərərli orqanizmlər aşkarlanıb. Məlumata görə, 2026-cı il ərzində erməni məhsullarının idxalı zamanı bu cür pozuntular üzrə 181 fakt qeydə alınıb.
BMT-nin məlumat bazasına əsasən, Ermənistan 2024-cü ildə Rusiyaya 53,2 milyon dollar dəyərində meyvə və 74,1 milyon dollar dəyərində tərəvəz ixrac edib. 2025-ci ilin may-noyabr aylarında isə meyvə ixracı təxminən 47 milyon dollar, tərəvəz ixracı isə 60 milyon dollar təşkil edib.
“Rosselxoznadzor” həmçinin vurğulayıb ki, Ermənistanın aidiyyəti qurumları əvvəllər aşkarlanan pozuntuların aradan qaldırılması üçün yetərli addımlar atmayıb.
“Rusprodsoyuz” assosiasiyasının idarə heyəti sədrinin müavini Dmitri Leonov RBK-ya açıqlamasında bildirib ki, Ermənistan məhsullarının bazardakı payı kiçik olduğundan qadağa Rusiya bazarında ciddi problem yaratmayacaq. Onun sözlərinə görə, Rusiya idxalçıları alternativ olaraq Azərbaycan, Türkmənistan, Türkiyə, Özbəkistan və Çindən məhsul tədarük edə bilərlər.
Ekspert əlavə edib ki, logistika zəncirləri artıq formalaşıb və bazar yeni tədarük mənbələrinə keçidə uyğunlaşıb. Bununla yanaşı, yerli açıq sahə məhsullarının mövsümü də başlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, fitosanitar normalara uyğun gəlməyən məhsullarla bağlı ixrac məhdudiyyətləri adi praktikadır və son səkkiz ildə bu cür hallar dəfələrlə baş verib.
Xatırladaq ki, bundan əvvəl məhdudiyyətlər erməni güllərinə, “Cermuk” mineral suyuna, həmçinin üç erməni istehsalçısının konyak və şərab məhsullarına da şamil olunmuşdu.
Bizim.Media