“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqaya vəsiqə uğrunda “Mingəçevir”ə qarşı keçirdikləri pley-off matçını şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq. Bu, “Mingəçevir”in üstünlüyü idi. Amma biz daha güclü idik və layiqli şəkildə qalib gəldik.
Hazırda çox yorğunam. Sabah Gürcüstana getmək haqqında düşünürəm. Klub prezidenti ilə də az əvvəl danışdıq. Geri döndükdən sonra bəzi məsələləri müzakirə edəcəyik. Həqiqətən, jurnalistlərə böyük hörmətlə yanaşıram. Sadəcə, indi çox yorğunam. Qayıtdıqdan sonra heyətlə bağlı məsəslələri müzakirə edəcəyik”.
