AZ

Əczaçılar canlı yayımda dərman təbliğatı aparır: Qanunidirmi?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında aptek işçilərinin və ya özünü “aptekçi” kimi təqdim edən şəxslərin canlı yayımlar açaraq dərman məsləhətləri verməsi halları daha çox müşahidə olunur.

Bu yayımlarda bəzən konkret şikayətlərə uyğun dərman adları çəkilir, hətta alternativ və daha ucuz preparatlar tövsiyə olunur.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən canlı yayımlarda adətən izləyicilər öz şikayətlərini yazır, məsələn baş ağrısı, soyuqdəymə, mədə problemi və ya yorğunluq kimi ümumi hallar qeyd olunur.

Yayım aparan şəxslər isə bu yazılara əsaslanaraq konkret dərman adları çəkir, bəzən də daha ucuz alternativ kimi təqdim etdikləri preparatları tövsiyə edirlər.

Bu zaman əsas problem ondan ibarətdir ki, həmin məsləhətlər heç bir həkim müayinəsi, diaqnoz və ya fərdi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi olmadan verilir.

Müşahidə edilən hallardan biri də odur ki, bəzi yayımlarda daha çox az tələbatlı və ya reklamı geniş aparılan dərmanlar ön plana çıxarılır. İzləyicilərə isə həmin məhsullar effektiv və ya “hər kəsə uyğun” kimi təqdim olunur.

Bu isə insanlarda yanlış inam yarada bilər və nəticədə tibbi məsləhət əvəzinə sosial şəbəkə yönləndirməsi ilə dərman seçimi edilir.Ən həssas məqam isə odur ki, bu tip yayımlara daha çox həkimə müraciət etmək imkanı olmayan, ya da vaxt və maliyyə səbəblərinə görə özünü müalicəyə üstünlük verən insanlar baxır. Onlar üçün “TikTok” canlıları bəzən yeganə çıxış yolu kimi görünür. 

Tibb sahəsi üzrə ekspertlər bildirirlər ki, dərman preparatlarının təyini yalnız həkim tərəfindən, pasiyentin ümumi vəziyyəti, analizləri və digər faktorlar nəzərə alınaraq edilməlidir.

Sosial şəbəkələrdə verilən ümumi məsləhətlər isə yalnız informasiya xarakteri daşıya bilər, müalicə qərarı kimi qəbul edilməməlidir.

Ümumilikdə bu cür hallar göstərir ki, sosial şəbəkələrdə verilən tibbi məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır və sağlamlıqla bağlı qərarlar yalnız həkim məsləhəti əsasında verilməlidir.

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
37
cebheinfo.az

10Mənbələr