Ajans.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb. Nəşr qeyd edir ki, Avropa Komissiyası və üzv dövlətlər yeni iştirakçıların ilk illərdə xarici siyasət, sanksiyalar və ya vergi məsələləri üzrə qərarları avtomatik şəkildə bloklamaq hüququna malik olmaması üçün mexanizmi nəzərdən keçirirlər: “Söhbət sanksiya siyasəti, büdcə məsələləri və ya əsas xarici siyasət təşəbbüsləri kimi qərarlara təsirin məhdudlaşdırılmasından gedir. Bu ideya, xüsusilə Ukraynaya dəstək məsələsində birgə qərarları dəfələrlə bloklayan Macarıstanla bağlı AB-nin yaşadığı təcrübə fonunda yaranıb. Brüsseldəki diplomatlar bu mexanizmi AB-nin genişlənməsi üçün “yaradıcı yanaşma” adlandırırlar. Məqsəd yeni ölkələrin mümkün üzvlüyündən birliyin fəaliyyətinin iflic olmasının qarşısını almaqdır. Bununla yanaşı, Avropa rəsmiləri etiraf edirlər ki, bu model hüquqi baxımdan mürəkkəbdir və üzvlərin bərabərliyi ilə bağlı müzakirələrə səbəb ola bilər. Ayrıca, belə keçid qaydalarının üzvlük danışıqlarının son mərhələsində olan Monteneqro kimi ilk yeni üzvlərə tətbiqi ehtimalı da nəzərdən keçirilir. Almaniyada və AB-nin digər ölkələrində qərarların qəbul olunması prosedurlarının islahatı ideyasına dəstək artır. Əsas arqument isə budur ki, 30-dan çox üzvü olan Avropa Birliyi hazırkı yekdillik modeli ilə effektiv fəaliyyət göstərə bilməyəcək”.