Azərbaycanda Qurban bayramı qeyd olunur...
Poliqon xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.
Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının builki fətvasında deyilir ki, bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər.
Fətvada qeyd edilib ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət peyğəmbərin tövsiyəsinə görə, imkansızlara yardım etmək dinin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün - 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq. (Report, APA)
Poliqon.info