Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.
Musavat.com xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il həmin tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da keçiriləcək.
Qurban kəsimləri bu gün və sabah həyata keçirilə bilər. Bildirilir ki, kəsimlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi xüsusi məkanlarda, şəriət qaydalarına uyğun şəkildə və Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti altında aparılacaq.
Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27 və 28-i Qurban bayramı günləri elan edilib.
Musavat.com