AZ

Ukraynada Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd olundu – FOTOLAR, VİDEO

Musavat.com xəbər verir ki, Ukraynanın Krivoy Roq şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş və möhtəşəm tədbir keçirilib. Bu barədə “Yeni Müsavat”ın Ukrayna üzrə təmsilçisi Anar Natiqoğluna Krivoy Roq Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev məlumat verib.

Tədbir Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qeyd olunub ki, Ukrayna uğrunda gedən döyüşlərdə yüzdən artıq azərbaycanlı həyatını itirib.

Daha sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.

Şəhərin “Cənub” Mədəniyyət Sarayında keçirilən tədbirdə Krivoy Roq şəhərinin meri Yuri Vilkul də iştirak edib. Mer çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib.

Yuri Vilkul qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətləri dostluq və qarşılıqlı hörmət üzərində qurulub. O, xüsusilə son illərdə Ukraynada yaşayan azərbaycanlı diasporunun ölkənin ictimai həyatında fəal rol oynadığını vurğulayıb.

Diaspor rəhbəri Kəmaləddin Ağayev isə çıxışında tədbirə qatılan şəhər rəhbərliyinə və ictimaiyyət nümayəndələrinə təşəkkür edib. O bildirib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər zaman keçdikcə daha da inkişaf edir və xalqlar arasında dostluq bağları möhkəmlənir.

Tədbirin bədii hissəsi xüsusi maraqla qarşılanıb. Ukraynanın xalq artisti, Kiyevdə fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov və tanınmış aparıcı-müğənni Natalya Kudryaşovanın rəhbərlik etdiyi “Azərbaycan” ansamblı mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

Gecədə həmçinin “Cənub” Mədəniyyət Sarayının musiqi müəlliməsi Olqa Qalayka Ukrayna haqqında mahnı ifa edib. Onun 9 yaşlı tələbəsi Məryəm Səmədova isə “Mənim Azərbaycanım” mahnısını səsləndirib və tədbir iştirakçılarının alqışını qazanıb.

Tədbir Azərbaycan və Ukrayna xalqları arasında dostluq və həmrəylik mesajları ilə yadda qalıb.

 

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr