AZ

Köçəryan hakimiyyəti belə ələ keçirmək istəyir 

“Əgər hakim komanda saxtakarlıqla qələbəmizi həyasızcasına oğurlamağa çalışarsa, cavab olaraq əsl xalq inqilabı ilə qarşılaşacaqlar”.

Bunu 25 mayda keçirdiyi mitinqdə Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokundan baş nazirliyə namizəd Robert Köçəryan Sünik vilayətinin Sisian sakinləri ilə görüşdə bildirib.

Köçəryan vurğulayıb ki, onları qane etməyən nəticəni tanımayacaqlar:

“Hakimiyyətin xalqın iradəsinə zidd getmək cəhdi uğursuzluqla nəticələnəcək, çünki müxalifət ölkədəki bütün 2000 seçki məntəqəsi üzərində ciddi nəzarəti saxlayacaq”.

Robert Köçəryanın sözlərinə görə, Nikol Paşinyan indi Saakaşvilinin vaxtilə Gürcüstanda etdiyi eyni şeyi edir. O əlavə edib ki, Paşinyan hakimiyyətdə qalsa, Rusiyaya gedən yol mütləq bağlanacaq.

Bu bəyanatlar Robert Köçəryanın Ermənistanda hətta inqilab, çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək planının olduğunu göstərirmi? Rusiya ilə münasibətlər məsələsində dedikləri isə seçiciləri dolayısı ilə təhdid etmək hesab edilə bilərmi?

1662551973_1660656719_akifakifqat.jpg

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Köçəryanın bu çıxışı Ermənistan daxilində seçkiöncəsi ritorikanın adi sərhədlərini aşan, açıq şəkildə təzyiq və siyasi şantaj elementləri daşıyan bəyanatdır:

“Xüsusilə onun “hakimiyyət qələbəmizi oğurlasa, xalq inqilabı olacaq” fikri seçki nəticələrinin yalnız öz siyasi maraqlarına uyğun olduğu halda qəbul ediləcəyini göstərir. Bu isə demokratik prosedura deyil, küçə təzyiqinə və post-seçki destabilizasiya ssenarisinə hazırlıq mesajı təsiri bağışlayır. Köçəryan klassik “məğlub olsaq, seçki saxtalaşdırılıb” tezisini əvvəlcədən dövriyyəyə buraxır. Bu texnologiya postsovet məkanında dəfələrlə istifadə olunub - əvvəlcə seçki legitimliyi şübhə altına alınır, daha sonra isə küçə aksiyaları üçün siyasi zəmin yaradılır. Onun “2000 seçki məntəqəsinə nəzarət edəcəyik” deməsi də əslində tərəfdarlarını seçkidən sonrakı qarşıdurmaya psixoloji hazırlamaq məqsədi daşıyır. İkincisi, Robert Köçəryanın ritorikasında Moskvanın siyasi xəttinə maksimum uyğunluq hiss olunur. O, faktiki olaraq Ermənistan cəmiyyətinə belə mesaj verir ki, əgər Paşinyan qalarsa, Rusiya Ermənistanı iqtisadi cəhətdən boğacaq. Bu isə adi geopolitik analizdən çox, dolayısı ilə seçiciyə ünvanlanan xəbərdarlıq və ya təhdid kimi görünür”.

Partiya sədri deyib ki, Saakaşvili müqayisəsi də təsadüfi deyil:

“Bununla o, həm Paşinyanı dolayısı ilə həbslə hədələyir, həm də onu Qərbə yaxınlaşmanın ölkəni fəlakətə aparacağı fikri ilə qorxutmağa çalışır. Amma paradoks ondadır ki, özü uzun illər hakimiyyətdə olduğu dövrdə Ermənistan həm iqtisadi asılılıq, həm korrupsiya, həm də oliqarxik idarəetmə baxımından ən ağır mərhələlərdən birini yaşamışdı. Köçəryan seçkiyə yox, seçkidən sonrakı qarşıdurma mərhələsinə fokuslanmış kimi görünür. Bu isə onun hakimiyyətə yalnız səsvermə yolu ilə deyil, küçə təzyiqi, siyasi xaos və xarici dəstək kombinasiyası ilə qayıtmağa çalışdığı barədə şübhələri gücləndirir. Onun çıxışı demokratik rəqabətdən çox “məğlubiyyəti qəbul etməyəcəyik” xəttinin anonsudur”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
41
19
musavat.com

10Mənbələr