AZ

Ayrılığın da axı ağrılı sonrası var... Sevinc Yunuslunun yeni şeirləri

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.

Qayıt, hər günahına qurban olduğum, qayıt

Qoyma ağıl oğrayan oğrular sənin olsun.

Sənə sayılan yalan səni inandırdısa -

Sol yanımda çəkdiyim ağrılar qənim olsun.

Daşıtma bir ömürlük etmədiyim günahı,

Bunun sirat körpüsü, bunun o dünyası var.

Kəsib unutmaq asan, qırıb atmaq iş deyil,

Ayrılığın da axı ağrılı sonrası var.

Bütün günah yumalar, qoy sonralıqda qalsın

Əllərində əriyim, qollarında təngiyim.

Mənim çıxdığım yolun sonu sən olmadınsa,

Nəfəsimə son verim, yaşamağı tərgiyim.

Həsrətinə dözülmür, həsrətimə dözümlüm

Ölüm olsa dönəcəm, Tanrını taxtdan salıb.

Bütün bəd ayrılıqlar, qara gözü hüzünlüm,

Yollarını ömrümə gəldiyin vaxtdan salıb.

Mən hansı sərhədləri sənə qədər aşmışam.

Kölgəsində saçını bir zamanlar öpdüyüm

ağacdan asılmışam.

Dönüb, ölümdən dönüb, qollarına qoşmuşam,

Gözlərinin içində qızıl dan itirdiyim,

Bu ilk savaş deyil ki, belə qan itirdiyim -

Bilirsən ki, dönəcəm, Tanrını taxtdan salıb...

***

Hər xoşbəxt anımızda

gözünə yığılan itirmək qorxusu

məni məhv edir,

zənn eləmə görmürəm.

Hansı yaralardan almısan

bu qorxunu bilmirəm...

Sənə sevgim ölüncə bitər

qorxma, hələ ölmürəm...

Mən bu eşqi öz qanımı

ovuc-ovuc, içə - içə daşımışam.

Al, şahidlərim danışsın-

bu ruh, bu can, bu da bədən!

Şairlər şeir yazır,

mən səni, mən səni nədən?!..

Gəl, bahar gəlsin bura,

torpaq oyansın,

günəşi yerə endir

bənövşələri ayılt.

Hara getsən yollar ayağıma dolaşır-

ondan tez-tez söyləyirəm “Tez qayıt”..

Bəlkə mən də qorxuram.

Nə bilirsən?..

Bəlkə cənnətdən sənə görə qovulmuşam,

İbrahimin külünə mən ağac daşımışam,

Bəlkə ondan dırnaqlarım

sivri çıxır?

Bəlkə Sırat körpüsüdü ömrüm

Səud yoxuşudu.

sevgiyə ac yaşamışam bəlkə...

Bəlkə ondan bütün nəvazişlərim

kərtənkələ toxunuşudu?..

Nə bilirsən?!

Hər gözünə yığılan itirmək qorxusunu

zənn eləmə görmürəm..

Sənə sevgim ölsəm bitər,

Qorxma, mən hələ ölmürəm..

Dağların gizli dili: Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə

"Zaman yaxşıları da necə eybəcərləşdirə bilərmiş?" - Bəxtiyar Vahabzadə Elçinə məktubunda nə yazmışdı?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr