AZ

İki milyon barel neft daşıyan supertanker Hörmüz boğazını keçib

İraq neftini Çinə daşıyan supertanker ABŞ blokada xəttini keçərək Fars körfəzini tərk edib və Ərəb dənizinə daxil olub. Bu, ABŞ və İran arasında müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar fonunda baş verib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin topladığı gəmi izləmə məlumatlarına əsasən, "Eagle Verona" adlı çox böyük neft tankeri Oman körfəzindən Ərəb dənizinə daxil olub. Gəmi təxminən 2 milyon barel İraq neftini Çinə daşıyır.

Məqalədə qeyd olunur ki, tankerlərin Fars körfəzindən çıxışı neft bazarının ciddi diqqət mərkəzindədir. Çünki İran fevralın sonunda ABŞ və İsrailin hücumlarından sonra Hörmüz boğazını faktiki olaraq bağladıqdan sonra əksər gəmilər bölgədə bloklanmış vəziyyətdə qalıb.

Nəşr bildirir ki, bu su yolunun bağlanması əksər gəmilərin bölgədən çıxmasına imkan verməyib və digərlərinin isə neft və qazla zəngin bu regiona daxil olmasına mane olub.

ABŞ və İran tədricən münaqişənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılaşmaya yaxınlaşır. Mayın 24-də yüksək vəzifəli ABŞ rəsmiləri tərəflərin boğazda hərəkətin bərpasına imkan verəcək sazişə yaxın olduqlarını bildiriblər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla sülh razılaşmasının "əsasən razılaşdırıldığını" bəyan etmişdi. Lakin İranın Fars agentliyi heç bir mənbəyə istinad etmədən bu açıqlamanı "reallıqdan uzaq" adlandırıb.

İzləmə məlumatlarına görə, VLCC tipli tanker fevralın 28-də Bəsrə neft terminalında yüklənib və hazırda Çinin Ninbo limanına doğru hərəkət edir. Gəminin iyunun 12-də təyinat nöqtəsinə çatacağı gözlənilir.

Bu tanker, İranla müharibə başlayandan sonra Fars körfəzindən Hindistana ilk mayeləşdirilmiş təbii qaz partiyasını daşıyan "Al Hamra" gəmisinin bölgəni tərk etməsindən sonra yola çıxıb.

İranın yarırəsmi Tələbə Xəbər Agentliyi SEPAH-a istinadən bildirib ki, son 24 saat ərzində 33 gəmi, o cümlədən neft tankerləri, konteyner daşıyan gəmilər və digər ticarət gəmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə Hörmüz boğazından keçib.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı X platformasında yaydığı məlumatda bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri aprelin ortalarında İran limanlarına tətbiq etdiyi altı həftəlik blokada müddətində 100 kommersiya gəmisinin marşrutunu dəyişdirib.

"Equasis" dəniz məlumat bazasına görə, "Eagle Verona" gəmisinin sahibi Sinqapurda yerləşən Malayziyanın "AET Inc PTE Ltd" şirkətidir.

Şirkətlərin rəsmi saytlarında qeyd olunur ki, AET, MISC qrupuna daxildir, həmin qrup isə öz növbəsində PETRONAS şirkətlər qrupunun üzvüdür. "Equasis" məlumatına görə, MISC və AET Sinqapurda eyni ünvanda qeydiyyatdan keçib.

Poliqon.info

Seçilən
91
48
poliqon.info

10Mənbələr