AZ

Sülhə ümidlər azalır: Trampla İran neft qiymətlərini iki həftəlik rekorda yüksəldib

Neft qiymətləri 18 may səhəri artmağa davam edib. Artıma əsas səbəb kimi Yaxın Şərqdə gərginliyin yüksəlməsi göstərilir...

Poliqon xəbər verir ki, Reuters-in məlumatına görə, qiymətləri həm Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) atom elektrik stansiyasına dron hücumu, həm də ABŞ prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi variantları müzakirə etdiyi barədə xəbərlər yüksəldib.

Səhər saat 7:32-yə olan məlumata görə, Brent markalı neft 2,01 dollar bahalaşaraq bir barel üçün 111,27 dollara çatıb. Ticarət zamanı qiymət 112 dollara qədər yüksələrək 5 maydan bəri ən yüksək səviyyəni görüb.

WTI markalı neft isə 2,33 dollar artaraq 107,75 dollar olub və sessiya zamanı 108,70 dollara qədər yüksəlib. Bu da 30 apreldən bəri ən yüksək göstəricidir.

Reuters qeyd edir ki, ötən həftə neft qiymətləri ümumilikdə 7 faizdən çox artıb. Buna səbəb ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair ümidlərin zəifləməsi olub.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Szinpin arasında aparılan danışıqlar da nəticəsiz başa çatıb və bu, qlobal neft tələbatı və təchizat balansına dair qeyri-müəyyənliyi artırıb.

Bundan əlavə, BƏƏ və Səudiyyə Ərəbistanına dron hücumları, eləcə də ABŞ və İran arasında sərtləşən ritorika bazarda gərginliyi daha da artırıb.

IG bazar analitiki Toni Saykamor bildirib ki, bu cür hücumlar ABŞ və ya İsrailin İrana qarşı yeni zərbələrinin bölgədə enerji infrastrukturuna cavab hücumları doğura biləcəyi riskini artırır.

BƏƏ rəsmiləri Baraka atom elektrik stansiyasına hücumu araşdırdıqlarını və buna cavab vermək hüququnun olduğunu açıqlayıblar. Səudiyyə Ərəbistanı isə hava məkanına daxil olan üç dronu zərərsizləşdirdiyini bildirib və təhlükəsizliyə qarşı hər hansı pozuntuya cavab veriləcəyini bəyan edib.

Axios-un məlumatına görə, Tramp 19 mayda milli təhlükəsizlik üzrə müşavirləri ilə İrana qarşı mümkün hərbi addımları müzakirə edəcək.

Eyni zamanda, ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində neft alışına verilən müvəqqəti icazəni uzatmamaq qərarı verib. Bu isə bazarda təchizatla bağlı narahatlıqları daha da artırıb.

Vanda Insights şirkətinin təsisçisi Vandana Hari bildirib ki, bölgədə yeni gərginlik və hücum riski neft bazarında təzyiqi artıran əsas amillərdir.

Poliqon.info

Seçilən
58
48
poliqon.info

10Mənbələr