ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukraynaya qarşı başlanan işğalçılıq müharibəsi Yaxın Şərq də daxil olmaqla, dünyanın bir çox nöqtələrində münaqişələri körükləyən, beynəlxalq hüququ çeynəyən, insan qırğınına, iqtisadi tənəzzülə, qıtlığa, və s. yol açan “pandorra qutusu” rolunu oynasa da, nə Putin Rusiyası özü bu savaşı dayandırır, nə də Çin və ABŞ kimi dünya nəhəngləri əsl mənada onu buna məcbur edir. Baxmayaraq ki, əllərində bunun üçün kifayət qədər ciddi rıçaqlar var…
Lakin Kremlin vəziyyəti də, yumşaq desək, o qədər də ürəkaçan deyil. Putin hakimiyyəti seçim qarşısındadır, Ukraynada irəliləyiş perspektivi tükənib, Kiyev güzəştə getmir, əksinə, onun PUA zərbələri təkcə Rusiyadakı iqtisadi dayaqları, neft gəlirlərini deyil, daxili sosial-siyasi sabitliyin sütunlarını da sarsıtmağa başlayır, daxildə narazılıq və gərginlik artır. Putinin reytinqlərinin kəskin düşməsi hətta Kremlə yaxın sorğu mərkəzləri tərəfindən də etiraf olunur…
Bəs Putinin hakimiyyəti üçün xilas nədədir? Rusiya hakimiyyət sisteminin bir əsas xüsusiyyəti var: O, əvvəlki həmlə uğursuz olduqda, münaqişənin səviyyəsini azaltmır, əksinə, onu daha da şiddətləndirir. Hələ Rusiyadakı 2011-2012-ci illərdəki etirazlardan sonra vəziyyəti getdikcə pisləşən Kreml buna Krımı işğal etməklə cavab verdi. Bu, sadəcə xarici siyasət addımı deyildi. Bu, Rusiya daxilində əhali ilə bağlanmış “sosial müqavilə”nin yenilənməsi idi. Nəticədə, korrupsiya, iqtisadi durğunluq və siyasi böhran haqqında söhbətlər və etirazlar öz yerini “Krım bizimdir!” şüarı ilə süslənən imperiyaçılıq azarına verdi.
Növbəti addım özü-özlüyündə Rusiya üçün vacib olmayan Donbasın işğalı idi. Şərqi Ukraynadakı bu münaqişə Krımın ilhaqını beynəlxalq gündəmdə ikinci plana keçirən bir tüstü pərdəsi yaratmaq üçün idi. Bu zaman dünya Donbas cəbhəsindən gündəlik xəbərləri izləyərkən, Rusiya Krımı tədricən öz hərbi infrastrukturuna tam inteqrasiya etdi – yeni bazalar tikdi, yeni qoşunlar yerləşdirdi və yarımadanı “həzm edərək”, platsdarma çevirdi. Donbas isə diqqəti bütün bunlardan yayındırmaq üçün hazırlanan əməliyyat funksiyasını yerinə yetirdi.

Daha sonra Krımın və Donbasın “təsiri azalmağa başlayanda” Suriya məsələsi ortaya çıxdı. Suriya kampaniyası Rusiyanın “qlobal oyunçu” statusunu bərpa etməli idi. Bir müddət bu plan işlədi, lakin sonda heç bir strateji nəticə vermədi, Rusiya böyük ölçüdə Suriyadan çıxmalı oldu.
Növbəti addım ən qanlı və faciəlisidir - Ukraynaya qarşı tammiqyaslı işğal. Lakin bu “iynənin” də təsiri keçir və o, artıq təkcə xaricdə deyil, daxildə də əks effekt verir. Müharibə qısa müddətdə və “parlaq qələbə” ilə bitmədi. Rusiya ərazisi artıq Moskva da daxil olmaqla müntəzəm olaraq PUA hücumlarına məruz qalır. Rusiya iqtisadiyyatı getdikcə hərbi xərclərin ağırlığı altında inildəyir. Rusiya cəmiyyəti isə qısa bir əməliyyat kimi vəd edilən uzunmüddətli müharibədən və onun gözlə görünən acı nəticələrindən bezib. Narazılıqlar repressiyalarla boğulsa da, artıq “mızıldananlar” təkcə adi insanlar yox, həm də daha əvvəl müharibə tərəfdarı olan “Z-kanallar” və “Z-fəallar” arasında da artır. Bütün bunlar Rusiya hakimiyyət sisteminin məntiqinə görə, yeni bir eskalasiya üçün ilkin şərtlər yaradır. Yəni, yeni Krıma, yeni Donbasa ehtiyac var ki, hakimiyyət laxlamasın. Bunun üçünsə hazırda ən ideal hədəf Pribaltika ölkələridir!
Eyni zamanda, hazırda Kremlin fürsət pəncərəsi kimi qəbul edə biləcəyi bir xarici siyasət vəziyyəti də var. Trampın hərəkətləri Avro-Atlantik bloku daxilində etimadı sarsıdır. ABŞ NATO müttəfiqləri qarşısında öz öhdəliklərini şübhə altına alır. İran və Hörmüz boğazı ilə bağlı böhran ABŞ və onun Avropa müttəfiqləri arasındakı uçurumu kəskin şəkildə dərinləşdirir. Bir neçə Avropa ölkəsi ABŞ-nin İrana qarşı əməliyyatı üçün infrastruktur təmin etməkdən imtina etdi. İspaniya İrana qarşı hücumlarda birgə bazaların istifadəsinə icazə vermədi, İtaliya hərbi infrastrukturunun istifadəsini məhdudlaşdırdı, Böyük Britaniya açıq şəkildə özünü əməliyyatdan uzaqlaşdırdı. Bütün bunların və Trampın NATO müttəfiqlərinə qarşı açıq qəzəbinin fonunda, Rusiya tərəfindən hücum halında ABŞ-nin hər hansı bir Avropa ölkəsini qoruyacağını təsəvvür etmək çox çətindir. Artıq Tramp nümayişkaranə şəkildə ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmağa başlayıb. Bu, prinsipial və vacib bir məqamdır. Onilliklər ərzində NATO-nun 5-ci maddəsi kollektiv müdafiənin mütləq zəmanəti kimi qəbul edilirdi. Lakin indi o, getdikcə daha çox hərbi yox, siyasi öhdəlik kimi qəbul edilir və onun həyata keçirilməsi müttəfiqlərin Rusiya kimi nüvə gücü ilə birbaşa münaqişəyə girməyə nə dərəcədə hazır olmasından asılıdır. Məhz bu, Kreml üçün strateji fürsət pəncərəsi yaradır.

Zatən Kreml təbliğatı bir neçə ildir ki, daxili ictimai rəyi Qərblə birbaşa münaqişə ideyasına hazırlayıb. Bu ssenaridə Ukrayna müstəqil düşmən kimi deyil, NATO aləti kimi, müharibə isə getdikcə Rusiya ilə kollektiv Qərb arasındakı qarşıdurma, savaş kimi təqdim olunur.
Bunlara paralel olaraq, Rusiya Dövlət Duması xarici müdaxilə üçün “hüquqi əsas” da yaradıb. O, Putinə “xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün” silahlı qüvvələrdən istifadəyə icazə verən qanun qəbul edib. Pribaltika ölkələrində Rusiya vətəndaşlarının və Rusiya pasportu sahiblərinin sayının çox olması nəzərə alınsa, bu, onlar üçün birbaşa siqnal kimi qəbul edilməlidir.
Yuxarıda qeyd edildiyi kimi, Putin hakimiyyətilə cəmiyyət arasındakı köhnə “sosial müqavilə” - "əhali siyasətə qarışmır, hökumət də əhaliyə - dövlət sabitliyi təmin edir" - artıq işləmir. Sabitlik yoxdur. Əvəzində müharibə, narazılıq və artan xərclər var. Yeni hədəf və yeni müqavilə lazımdır. O isə “Rusiya artıq Ukrayna ilə deyil, birbaşa NATO ilə ölüm-dirim müharibəsi aparır” tezisi üzərində qurulur. Daxili siyasət baxımından bu, daha əlverişlidir. NATO-ya qarşı uzunmüddətli müharibəni cəmiyyətə izah etmək, "Ukraynanın denasifikasiyasının nədən 5 ilə yaxındır davam etməsi” sualına cavab verməkdən daha asandır.
Bundan əlavə, Baltikyanı ölkələrə qarşı potensial əməliyyatın əsas məqsədi ərazi işğalı deyil, NATO-nun təcavüzə effektiv cavab verə bilməməsinin nümayiş etdirilməsi olacaq və bunu daxili auditoriyaya “qələbə” kimi sırımaq da daha asan olacaq.
Bu mənada Estoniyanın rusların və rusdillilərin üstünlük təşkil etdiyi Narva şəhəri, eləcə də “Suvalki dəhlizi” ideal hədəflərdir.

Ukraynadakı müharibə, böyük itkilərə baxmayaraq, Rusiya ordusuna geniş praktik təcrübə qazandırdı. Əksər Avropa ordularında bununla müqayisə edilə biləcək təcrübə yoxdur. Üstəlik, Baltikyanı bölgədə potensial hərbi əməliyyatlar teatrı Ukraynadakından xeyli kiçikdir. Bu o deməkdir ki, lokal böhran yaratmaq üçün Rusiyaya daha az qüvvə və resurs tələb olunacaq. Əksər hərbi mütəxəssislər hesab edirlər ki, Rusiya eyni vaxtda Kalininqrad və Belarusdan hücum etməklə, bu dəhlizi qısa müddətdə nəzarətə götürə bilər.
Həmçinin, Rusiya qüvvələrinin Tallinn və Riqanın ətrafına 3 sutkadan da az vaxta çata biləcəyi iddia olunur. NATO hərəkətə gəlincə, bu ssenarilər artıq reallaşa bilər.
Narva şəhərini isə Rusiya ilə sadəcə, bir çay ayırır. Məhz rusların və rusdillilərin çoxluq təşkil etdikləri bu şəhər "həmvətənləri qorumaq" adı altında hərəkətə keçmək üçün münbit ərazidir. Burada münaqişə yaratmaq Rusiya üçün minimum hərbi xərclərlə maksimum siyasi təsir və nəticə yaratmaq imkanı verər.
ABŞ-ni arxasında görməyən Avropa ölkələrinin Rusiya ilə birbaşa hərbi münaqişəyə girməsi risklidir. Bu, 5-ci maddənin, deməli bütünlükdə NATO-nun mövcudluq səbəbinin işləmədiyini göstərəcək. Kremlin əsas “qələbəsi” və “mükafatı” da məhz bu olacaq - NATO-nun bir sistem kimi yararsızlığının nümayişi.
Bəli, bu gün Pribaltika ölkələrinə qarşı hərbi əməliyyatı çoxları istisna edir. Amma zamanında Krımın ilhaq olunacağına da çoxları inanmırdı. 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslıə işğalı da böyük əksəriyyət, o cümlədən də Avropa siyasətçiləri və ekspertləri təsəvvür etmir, belə bir perspektivə inanmırdı. İrana qarşı İsrail-ABŞ hücumunu da təsəvvür edənlər olduqca az idi. Lakin son illərdə müşahidə etdiklərimizdən - təcavüzkarların, işğalçıların cəzalandırılmaq əvəzinə, əllərinin sıxılmasından, xüsusilə də ABŞ kimi supergücün başına Tramp kimi birisinin gətirilməsindən və bundan sonra baş verən hadisələrdən çıxış etsək, müasir dünyada heç nəyi istisna etmək olmaz…
Cəlal Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.