AZ

Yaxın Şərqdə dönüş nöqtəsi başlayır - region nəfəsini tutdu

Son günlərdə ABŞ və İran arasında mümkün razılaşma istiqamətində diplomatik səylər intensivləşib. “Axios”un məlumatına görə, Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Vaşinqton və Tehran arasında müharibənin dayandırılması və daha geniş həll üzrə danışıqların başlanmasına nail olmaq məqsədilə Tehrana səfərə edib. Bildirilir ki, Munir münaqişənin başlanmasından bəri tərəflər arasında əsas vasitəçilərdən biri kimi çıxış edir.

Eyni zamanda, “Reuters” xəbər verir ki, Qətərin danışıqlar qrupu da ABŞ-İran arasında mümkün razılaşmanın müzakirəsi üçün Tehrana yollanıb. Mənbələrin məlumatına görə, Doha tərəflər arasında müharibəyə son qoyacaq razılaşmanın əldə edilməsinə dəstək verməyə çalışır.

Qeyd olunur ki, Qətər son qarşıdurma zamanı İranın raket və dron hücumlarına məruz qalsa da, regiondakı diplomatik proseslərdə, o cümlədən Qəzza üzrə danışıqlarda aktiv vasitəçi rolunu davam etdirir.

Pakistan və Qətər tərəfi Tehranda ABŞ-İran arasında barışıq yolunda nəyəsə nail ola biləcəklər?

Politoloq Züriyə Qarayeva məsələ ilə bağlı Musavat.com-a bunları dedi: "ABŞ və İran arasında mümkün razılaşma istiqamətində diplomatik hərəkətliliyin artması göstərir ki, tərəflər açıq müharibənin uzunmüddətli davam etməsinin risklərini anlayırlar. Vaşinqton üçün əsas məsələ İranın regional təsirini və nüvə proqramı ilə bağlı narahatlıqları nəzarətdə saxlamaqdır. Tehran isə həm hərbi təzyiqdən çıxmaq, həm də sanksiyalar məsələsində müəyyən güzəştlər əldə etmək istəyir. Pakistan ordusunun komandanı Asim Munirin vasitəçi kimi önə çıxması təsadüfi deyil. Pakistan həm İranla coğrafi və siyasi təmaslara malikdir, həm də ABŞ-la təhlükəsizlik əlaqələrini qoruyur. Bu baxımdan İslamabad tərəflər arasında mesaj daşıyan, gərginliyi yumşaltmağa çalışan praktik vasitəçi rolunda görünür. Qətərin Tehrana diplomatik heyət göndərməsi isə prosesin daha geniş regional format aldığını göstərir. Doha son illərdə böhran diplomatiyasında fəal rol oynayır və müxtəlif tərəflərlə danışa bilən azsaylı aktorlardan biridir. Əgər bu səylər nəticə verərsə, razılaşma yalnız ABŞ və İran arasında deyil, bütövlükdə Yaxın Şərqdə gərginliyin azalması üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
1
12
musavat.com

10Mənbələr