AZ

Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!

Bəşəriyyət tarix boyu təbii intellektdən üstün fövqəl

intellektlə bağlı müxtəlif ideyalar və fərziyyələr irəli sürmüş, xəyallar

qurmuş və zəngin fantastik nümunələr yaratmışdır. Mifologiyada uçan xalçalar, sehrli

xalatlar və s. kimi fərziyyələr insanın özünə köməkçi və əlavə potensial güc tapmaq

arzusundan qaynaqlanır. İnsan qocaldıqda əsadan, görmə qabiliyyəti zəiflədikdə

eynəkdən istifadə etdiyi kimi, hər zaman öz funksional imkanlarını əvəz edə və

ya genişləndirə biləcək vasitələrin axtarışında olub. Bu məqsədyönlü axtarışların

ən mühüm istiqamətlərindən biri də məhz insan zəkasına dəstək verəcək yeni texnoloji

reallıqların və innovasiyaların yaradılmasıdır.

 

Kompüterlər

də məhz bu təkamül prosesinin zəruri təzahürü kimi meydana gəlmişdir. Süni

intellekt ideyasının reallaşmasından əvvəl kompüterlər əsasən hesab, məntiq əməllərini

və yaddaş funksiyalarını yerinə yetirirdi. İnternetin yaranmasından sonra isə onlar

həm də informasiyanı geniş coğrafi məkanda paylamaq və virtual dünyada

insanlara müxtəlif xidmətlər göstərmək kimi funksiyaları yerinə yetirirlər. Bu

gün İnternetin və kompüterin həyatımızda rolu danılmazdır. Lakin insanlar hər zaman

daha irəli gedərək təbii intellektə xas olan düşünmək, qavramaq, nələri isə təsnif

etmək, qərar qəbul etmək, gələcəyi görmək və s. kimi idraki funksiyaların da texnoloji

innovasiyalar vasitəsilə həyata keçirilməsini arzulayıblar. Odur ki, süni

intellekt hər zaman insanı əqli nöqteyi-nəzərdən əvəz edə biləcək və ya ona köməkçi

olacaq bir vasitə kimi arzulanmışdır. Bu istiqamətdə ilk real addımlar XX əsrin

40-cı illərində atıldı. Amerikan alimləri – neyrofizioloq Uorren Makkallok və

riyaziyyatçı Uolter Pits 1943-cü ildə insan beyninin əsasını təşkil edən təbii neyronun

bioloji xüsusiyyətlərini araşdıraraq, onun süni, başqa sözlə riyazi modelini

yaratdılar. Beləliklə, neyrofizioloq və riyaziyyatçıların birgə səyi nəticəsində

bəşər tarixində ilk dəfə süni intellektin ilkin rüşeymi hesab olunan süni

neyronun əsası qoyuldu.

 

Hələ kompüterlərin

bir texnoloji reallıq kimi meydana gəlməsindən öncə irəli sürülən bu süni

neyron ideyası sonrakı illərdə müxtəlif alimlər tərəfindən inkişaf etdirildi.

Bu istiqamətdə amerikalı alim, azərbaycanlı Lütfi Zadə və ingilis alimi Alan

Türinqin rolunu xüsusilə qeyd etmək lazımdır. Xüsusən də, Lütfi Zadə

"düşünən maşınlar" və qeyri-səlis məntiq barədə fundamental nəzəriyyələr

yaradaraq süni intellektin gələcək inkişafında mühüm rol oynadı.

 

Nəhayət,

1956-cı ildə amerikalı alim Con Makkarti ilk dəfə "süni intellekt” terminini

elmi leksikona daxil etdi. Zaman keçdikcə yaradılan süni intellekt modelləri tədricən

insanın və digər canlıların bəzi intellektual xüsusiyyətlərini təqlid etməyə, mənimsəməyə,

müxtəlif hadisələri və prosesləri xarakterizə edən ilkin məlumatlarla təlim keçərək,

təbii intellektin birbaşa iştirakı olmadan mürəkkəb funksiyaları yerinə yetirməyə

başladılar.

 

Təbii olaraq

belə bir sual yarana bilər ki, bəs nə üçün o dövrlərdə süni intellekt ideyaları

reallaşa bilmirdi? Bunun əsas səbəbi bu gün "böyük verilənlər” (big data)

adlandırdığımız informasiya resurslarının kifayət qədər, həmçinin əlçatan

olmaması idi. Həmin dövrdə böyük həcmli məlumatları meydana çıxdığı anda qeyd

etmək, toplamaq, yadda saxlamaq və emal etmək gücünə malik kompüterlər və digər

texnoloji vasitələr hələ mövcud deyildi. 1940-1950-ci illərdə istehsal olunan

kompüterlərin texniki imkanları bu günlə heç müqayisə olunmayacaq dərəcədə məhdud

idi və onlar insanın intellektual potensialına alternativ ola biləcək mürəkkəb idraki

əməliyyatları icra etmək gücünə malik deyildilər.

 

Məhz bu səbəbdən təkamül

prosesində "süni intellektin qışı” adlandırılan durğunluq və

məyusluq dövrləri yaşandı. Süni intellekt ideyaları ilkin mərhələdə elmi-nəzəri

cəhətdən mövcud olsa da, praktikada tətbiq edilə bilmir, gözlənilən nəticəni

vermir, sadəcə uğursuzluğa düçar olurdu. Lakin zaman keçdikcə İnternetin

meydana gəlməsi və surətlə inkişafı ilə qlobal miqyasda bütün dünyanı əhatə

edən virtual məkan formalaşmağa başladı. İnformasiyanın sürətlə ötürülməsi, onlayn

mühitdə müxtəlif məzmunlu informasiya resurslarının kütləvi olaraq dinamiki

artması və superkompüter texnologiyalarının davamlı inkişafı süni intellektin

düşdüyü ağır vəziyyəti kökündən dəyişdi. Bununla yanaşı, qeyri-səlis məntiq,

təbii dilin emalı, maşın təlimi, dərin təlim və ümumiyyətlə, süni neyron

şəbəkələrinin elmi-nəzəri əsaslarının inkişafı süni intellektin imkanlarını əhəmiyyətli

dərəcədə artırdı və fundamental dayaqlarını daha da möhkəmləndirdi.

 

Yeri gəlmişkən, bu sahənin

inkişafına müstəsna töhfələr verən ingilis alimi Cefri Hinton və amerikalı alim

Con Hopfild süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən fundamental

kəşflər və ixtiralara görə 2024-cü ildə fizika sahəsində Nobel mükafatına layiq

görülmüşlər. Elə həmin ildə ingilis alimi Demis Hassabis və amerikalı alimlər

Con Camper və David Beyker süni intellekt metodlarından istifadə edərək

biologiya və kimyanın son 50 ildəki ən böyük problemlərindən birini –

"zülalların strukturunun proqnozlaşdırılması” problemini həll etdiklərinə görə

kimya sahəsində Nobel mükafatına layiq görüldülər. Bu

tarixi hadisə süni intellektin bəşəriyyət üçün nə dərəcədə böyük əhəmiyyət kəsb

etdiyini bir daha sübut edir.

 

Beləliklə, XXI əsrdə

rəqəmsal texnologiyaların son illərdə dinamiki inkişafı nəticəsində bəşəriyyət fasiləsiz

olaraq yüksək templə artan informasiya bolluğu dövrünə qədəm qoydu. Müxtəlif

mənbələrdən informasiyanın əldə olunması üçün texnoloji imkanların artması, qlobal

və ölkələr səviyyəsində şəbəkə-kommunikasiya infrastrukturunun genişlənməsi

təkcə insanların deyil, həm də nəzarət və idarə etmək zəruriyyəti olan

qurğuların, nəqliyyat vasitələrinin, evlərin və s. kimi əşyaların İnterneti

texnologiyasının cəmiyyətin, həmçinin təbiətin müxtəlif sahələrinə nüfuz etməsi

nəticəsində nəhəng həcmdə verilənlər, informasiya resursları toplanmağa

başlandı. Bu nəhəng həcmdə olan informasiya resursları daxilindəki prosesləri,

qanunauyğunluqları və trendləri insan beyninin imkanları hesabına təkbaşına

emal etmək artıq mümkün deyil. Bu məlumatların yadda saxlanılması, emalı və

nəqli üçün tələb olunan resursların yetərincə olmaması səbəbindən artıq

superkompüterlərdən növbəti mərhələyə, şəbəkə platformasında yaradılan paylanmış

hesablamalar sisteminə keçid edildi. Bu gün də çox yüksək sürətlə artmaqda olan

informasiya selinin qarşısında mövcud hesablama sistemlərinin imkanları məhdud görsənir

və buna görə də kvant texnologiyaları əsasında işləyən kompüterlərin və

kommunikasiya vasitələrinin yaranması və geniş tətbiqi artıq zəruriyyətə çevrilməkdədir.

Hal-hazırda cəmiyyəti təəccübləndirən

süni intellekt texnologiyaları hələ öz inkişafının başlanğıc mərhələsindədir. Son

zamanlar meydana çıxan elmi-texnoloji nailiyyətlər və innovasiyalar gələcək

perspektivlər qarşısında yalnız ilkin addımlar hesab oluna bilər. Virtual

məkanda informasiyanın həcmi artıq terabaytlarla (1.000.000.000.000), petabaytlarla

(1.000.000.000.000.000), ekzabaytlarla (1.000.000.000.000.000.000) deyil, zettabaytlarla (1.000.000.000.000.000.000.000) ölçülür. Texnologiyaların intellektual

platformada bu cür sistemli və davamlı inkişafı yaxın gələcəkdə süni intellektə

daha geniş, cəmiyyəti heyrətləndirəcək daha fövqəl imkanlar qazandıracaqdır. Xüsusilə

son illər kvant hesablamaları sahəsində əldə olunmuş nailiyyətlər və

fundamental irəliləyişlər süni intellektin gələcəyində böyük bir sıçrayışın

yaxınlaşdığından xəbər verir. Aparılan sınaqlar göstərir ki, kvant kompüterlərinin

malik olduğu ifrat hesablama gücü süni intellekt modellərini informasiya emalı

ilə bağlı məhdudiyyətlərdən tamamilə azad edə bilər. Bu texnoloji uçurumu

anlamaq üçün Google şirkətinin 105 kubitlik "Willow" kvant kompüterinin

imkanlarına nəzər salmaq kifayətdir: "Willow"un cəmi 5 dəqiqəyə həll

etdiyi mürəkkəb bir tapşırığı tamamlamaq üçün bu günün ən güclü

superkompüterinə 10 septilyon (10.000.000.000.000.000.000.000.000) il lazım

olardı. Bu müddət, yaşadığımız kainatın yaşından (13,8 milyard il) təxminən 724

trilyon dəfə çoxdur. (https://www.bbc.com/news/articles/c791ng0zvl3o)

Yuxarıda qeyd olunduğu

kimi, süni intellektin meydana gəlməsinin real tarixi ötən əsrin 40-cı

illərində insan beyninin əsasını təşkil edən bioloji neyronun formal modelinin

yaradılması ilə başlamışdır. Həmin dövrdə "əkilən bir toxum”, bu gün ağlasığmaz

dərəcədə nəhəng intellektual potensiala malik ağıllı texnoloji imkanlara və innovasiyalara

yol açmışdır. Şübhəsiz ki, bu fövqəl inkişafın əsasında riyaziyyat və kompüter

elmləri sahəsində ciddi araşdırmalar dayansa da, süni intellekt mahiyyətinə

görə multidissiplinar bir sahədir. Burada neyrofiziologiya, neyrolinqvistika, neyropsixologiya,

koqnitiv və s. kimi neyro elmlər süni intellektin elmi-nəzəri əsaslarının

inkişafına mühüm töhfə verirlər.

 

İnsan canlıların ən

alisidir, o, düşünür, məntiqi mühakimə yürüdür, gələcəyi proqnozlaşdırır, qiymətləndirmə

aparır, qərar qəbul edir, emosiyalarını, hisslərini ifadə edir və s. Bütün bu

mürəkkəb idrak proseslərinin intellektual emal mərkəzi beyindir. Lakin insan

beyni hələ də sonacan dərk olunmamış böyük bir sirr olaraq qalır. Təxminən 80

milyarddan çox neyronun bir-biri ilə hansı informasiya-kommunikasiya, riyazi və

bioloji strukturlar əsasında hiper əlaqələr qurduğu tam şəkildə tədqiq

olunmayıb, açılmayıb.

 

Bəzən belə deyirlər

ki, insan dünyaya gələndə beyni sanki "ağ vərəq” kimi olur, zaman keçdikcə genetik

məlumatlarla yanaşı ətraf mühitdən, mənsub olduğu coğrafi və sosial məkandan

alınan biliklər əsasında həmin "vərəq” üzərində "ləkələr”, yəni "əlaqələr" yaranır

və bunun da nəticəsində təbii intellekt formalaşır, inkişaf edir. Beyindəki on milyardlarla

neyron arasındakı biokimyəvi və bioelektrik proseslər və əlaqələrin

mürəkkəbliyi intellektin dərinliyini müəyyən edir. İnsan duyğu orqanları

vasitəsilə məlumat toplayır, öyrənir və yeni bilik istehsal edir. Mərkəzi sinir

sistemi isə bu məlumatları analiz edərək icra üçün bədənin müvafiq orqanlarına

əmrlər, göstərişlər verir.

 

Məhz bu istiqamətdə

aparılan tədqiqatların nəticəsidir ki, ötən əsrin 50-ci illərində amerikalı

alimlər Norbert Viner və Frenk Rozenblatt insanın mərkəzi sinir sisteminin iş

prinsiplərini tədqiq edərək kibernetikanın əsasını təşkil edən idarəetmə

nəzəriyyəsini irəli sürmüşlər. Bu nəzəriyyə insan bədənini əhatə edən çoxsaylı

sensorlardan məlumatın toplanması, analizi, qərar qəbulu və əks-əlaqə mexanizminin

harmonik və sistemli fəaliyyyətinə əsaslanır. Kibernetika bütövlükdə insanın sinir

sistemini və idarəetmə prinsiplərini hədəf aldığı halda, süni intellekt

bilavasitə beynin kompleks fəaliyyətini və strukturunu, onun əsas elementi

hesab olunan neyronları əsas götürür. Fənlərarası araşdırmalar nəticəsində alimlər

müəyyən etdilər ki, bioloji neyron digər neyronlardan məlumatı qəbul edən, emal

edən və müəyyən şərtlər daxilində qərar verən funksional bir intellekt vahidi,

"toxumu”dur. Bu bioloji "intellekt toxumu”nun riyazi modeli yaradılaraq,

insanın müdaxiləsi olmadan avtomatik fəaliyyət göstərən süni neyron şəbəkələri

quruldu.

 

Müasir süni intellekt

sistemlərinin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, təbiətdən,

cəmiyyətdən toplanmış müxtəlif xarakterli və formalı verilənlər əsasında bu

sistemlər insanın müdaxiləsi olmadan özü-özünə öyrənmə, inkişaf etmə və təkmilləşmə

qabiliyyətinə malikdirlər. Başqa sözlə, bu ağıllı modellər verilənlər toplusundan

yararlanaraq yaxşını pisdən, bir obyekti digərindən seçməyi öyrənir, onlar

arasında gizli münasibətləri aşkarlayır, optimal alternativləri müəyyənləşdirir

və gələcək üçün proqnozlar verir.

 

Süni intellektin

maraqlı və diqqətçəkən xüsusiyyətlərindən biri də onun şərti olaraq

adlandırılan "genetikası”dır. Bioloji genetikada məlumat valideynlərdən

övladlara ötürülürsə, süni intellektdə bu proses əvvəlki mərhələdə toplanmış

verilənlərin emalı nəticəsində qazanılmış biliyin xüsusi təlim (transfer təlimi)

texnologiyası vasitəsilə baş verir. Başqa sözlə, süni intellektin hər hansı bir

sahədə əldə etdiyi təcrübə və bilik digər sistemlərə sürətlə ötürülə və yayıla

bilər. Bu, bioloji irsiyyətdən fərqli olaraq, eyni anda bir və daha çox, hətta sonsuz

sayda ağıllı rəqəmsal obyektlərə köçürülə bilən süni intellekt "genetikası”

kimi qəbul oluna bilər. Hələlik süni intellekt "genetikası” ilkin mərhələdə

mövcud olsa da, bu, perspektivdə süni intellekt daşıyıcıları olan varlıqların müəyyən

məqsədlər və motivasiyalar əsasında "sosiallaşması”, qarşılıqlı münasibətlərin

və bağların yaranması, kollektiv süni zəkanın formalaşması, daha səmərəli dərin

təlim modellərinin yayılması, daha üstün dominant mövqe tutması, "irsdən irsə”

ötürülməsi və s. kimi problemlər ən mühüm tədqiqat hədəflərindən biri kimi

artıq formalaşmaqdadır.

 

Son

zamanlar müzakirə olunan məsələlərdən biri də, süni intellektin təbii

intellektdən üstün olub-olmaması ilə bağlıdır. Əvvəla, xüsusilə qeyd etmək

lazımdır ki, insan intellektinin əsas üstünlüyü onun müxtəlif mənbələrdən əldə

etdiyi verilənlər və müşahidələr əsasında induktiv, yəni sadədən mürəkkəbə və əksinə,

ümumi bilikdən sadəyə doğru deduktiv təfəkkür və məntiqi nəticə çıxarma

qabiliyyətinə malik olmasındadır. Məsələn, bir insan bir neçə zəhərli ilan növü

haqqında zəruri bilgiyə malik olduqda, onlara bənzəyən bütün canlıların təhlükəli

ola biləcəyi qənaətinə gəlir və instinktiv olaraq özünü qoruyur. Mövcud süni

intellekt isə, yalnız məxsusi verilənlər əsasında əvvəlcədən öyrədilmiş konkret

nümunələri tanıyır. Əgər sistemə yalnız "kobra" və "gürzə"

tanıdılıbsa, o, ilana bənzəyən, lakin verilənlər toplusunda olmayan başqa bir varlığı

təhlükə kimi müəyyən edə bilməyəcək. İnsan isə naməlum obyekti xarici görünüşə

görə bənzərlik, onu xarakterizə edən əlamətlərə görə oxşarlıq, mürəkkəb

situasiyalardan məntiqi nəticə çıxarma prinsipi ilə analiz edib ümumiləşdirmə

imkanlarına malikdir. Elə "ilan vuran ala çatıdan qorxar” atalar məsəli də bu təxəyyüldən

qaynaqlanır.

 

İnsan

doğulduğu andan etibarən həm genetik faktorlar, həm də ətraf mühit - ailə,

məktəb, cəmiyyət və digər mənbələrdən ömürboyu kifayət qədər informasiya, bilik

toplayır. İnsan beynindəki on milyardlarla neyronun ayrı-ayrılıqda fəaliyyəti

və onlar arasındakı ifrat mürəkkəb hiper əlaqələr bizə faktları

ümumiləşdirməyə, müxtəlif keyfiyyətə və səviyyəyə malik biliklər əldə etməyə, dünyaya

fərdi və fərqli prizmalardan baxmağa, hadisələri, prosesləri dərk etməyə imkan

verir. Lakin burada əsas problem ondan ibarətdir ki, insan intellektinin

fəaliyyət göstərdiyi bioloji platforma, yəni bədən, orqanizm təbiəti etibarı

ilə məhdud imkanlara malikdir. İnsan zaman keçdikcə qocalır, funksional

qabiliyyətini itirir, müəyyən temperatur intervalında fəaliyyət göstərə bilir,

oksigensiz, ac-susuz yaşaya bilmir, xarici mühitin təsirlərinə qarşı həssasdır

və s.

 

Süni

intellektin fəaliyyət göstərdiyi texnoloji platforma isə bioloji platformadan

köklü şəkildə fərqlənir. Belə ki, texnoloji platforma ayrı-ayrı təbii materiallardan,

kimyəvi elementlərdən, elektron qurğulardan təşkil olunur, sıradan çıxdıqda

təmir olunur, dəyişdirilir və daim inkişaf edir. Bu səbəbdən süni intellekt "qocalmır”,

ekstremal mühitlərdə, suyun altında, kosmosda, yanğın hallarında fəaliyyət

göstərə bilir və ən əsası, onun yaddaş tutumu və informasiyanı emal gücü qlobal

internet resurslarını və superkompüterləri əhatə edir. İnsanın ömür boyu malik

olduğu informasiya və qazana biləcəyi bilik süni intellektin sərəncamında olan

və hər an zənginləşən informasiya okeanında sadəcə bir "damladır”.

 

İnsandan

fərqli olaraq, süni intellekt fəaliyyətə başladığı andan rast gəldiyi hər cür

informasiyanı yadda saxlayır, keçmişini unutmur, emal prosesində ondan istifadə

edir, gələcək haqqında çox dəyərli biliklər verir. Digər tərəfdən, səhhətindən,

əhval-ruhiyyəsindən, bilik səviyyəsindən, əhatə olunduğu sosial və təbii mühitdən

asılı olan insandan fərqli olaraq, süni intellekt heç bir daxili və xarici

təsirlərə məruz qalmadan analitik yollarla bilik istehsal edən, öz-özünə daim

təkmilləşən formal texnoloji modellərdən istifadə edir. Bununla yanaşı, süni

intellektin elmi-nəzəri əsasları daim inkişaf etdirilir, bu istiqamətdə daha da

yüksək imkanlara malik ağıllı modellər və texnologiyalar işlənilir.

 

Ümumiyyətlə,

süni intellekt funksional imkanlarına və yetkinlik səviyyəsinə görə mərhələlərə

bölünür: 1) İnsan tərəfindən tapşırılan tanıma, təsnif etmə və s. kimi konkret

məsələləri icra edən süni xüsusi intellekt (Artificial Narrow Intelligence); 2)

İnsan təfəkkürünə xas olan geniş idraki funksiyaları həyata keçirmək

imkanlarına malik süni ümumi intellekt (Artificial General Intelligence); 3) Təbiətdən,

cəmiyyətdən, mikro və makro aləmdən topladığı məlumatlar, həmçinin qazandığı

biliklər nəticəsində superkompüterlər, data mərkəzlər və İnternet

platformasında fəaliyyət göstərən süni ümumi intellekt varlıqları idrak qabiliyyətinə

görə elə yetkinlik səviyyəsinə çatır ki, o, insan cəmiyyətinə xas olan təbii

intellekti üstələyir. Ali yetkinlik səviyyəsinə çatmış həmin süni ümumi

intellekt süni fövqəl intellekt (Artificial Superintelligence) adlanır və

fasiləsiz olaraq inkişaf edir, müdrikləşir.

 

Əvvəllər

süni intellektə əsaslanan robotlar, humanoidlər gündəlik işlərdə xidmət edən,

konkret tapşırıqları yerinə yetirən sadə texnoloji köməkçilər kimi təsəvvür

olunurdu. Lakin son zamanlar texnologiyanın inkişafı göstərir ki, gələcəkdə bu

rollar dəyişə bilər. Məsələn, tezliklə süni intellekt sadəcə əmrləri yerinə

yetirən bir icraçı deyil, insanların səhhətinə nəzarət edən, xəstəlikləri

öncədən müəyyənləşdirən və müalicə prosesini idarə edən ağıllı həkim

funksiyasını yerinə yetirəcəkdir. Beləliklə, insan ona yox, o, insana yol

göstərəcək, məsləhət verəcəkdir. Hazırda dünya ölkələri insan beyninin sirrini

açmaq üçün milyardlarla dollar büdcəsi olan "Rəqəmsal Beyin" layihəsini

həyata keçirirlər. Bu layihənin əsas məqsədi təkcə bir hissənin, bir neyronun

deyil, bütövlükdə insan beyninin və onun funksiyalarının kompleks fəaliyyətini,

davranış modellərini öyrənməkdir. Multidissiplinar tədqiqatlar göstərir ki, beyindəki

hər hansı zədəni və ya problemi xüsusi ağıll çiplər – mikrosxemlər vasitəsilə

aradan qaldırmaq mümkün olacaqdır. Görmə, eşitmə, nitq qabiliyyətini və digər

funksional imkanlarını itirmiş insanların bu texnologiyalarla yenidən normal

həyata qayıtması artıq fantaziya deyil, yaxın gələcəyin reallığıdır.

 

Beləliklə,

son zamanlar qlobal dünyada təqdim olunan elmi innovasiyalar, meydana gələn

rəqəmsal reallıqlar belə qənaətə gəlməyə əsas verir ki, yaxın zamanlarda ağıllı

texnologiyaların sürətlə inkişafı nəticəsində, ümumiyyətlə, bioloji məhdud

imkanlara və resurslara malik insan cəmiyyətinə, onun kollektiv zəkasına,

ictimai şüuruna alternativ olaraq İnternet mühitdə formalaşan və daim

yetkinləşən kollektiv süni intellekt fenomeni meydana çıxmağa başlayacaqdır.

Misal üçün, virtual platformada fəaliyyət göstərən çatbotlar bir-biri ilə

qarşılıqlı əlaqələr qurub bilik mübadiləsi apararaq, həm öz intellektual

potensialını artıracaq, həm də insanlara yüksək bilik xidmətləri göstərəcəklər.

Digər tərəfdən, İnternet platformasında fəaliyyət göstərən müxtəlif süni

intellekt cəmiyyətləri, sosial qrupları insan cəmiyyətinin bəşər tarixi boyunca

yaratdığı bilikləri zaman-zaman mənimsəyəcək və daha yüksək intellektual gücə

malik olacaq, daha ağıllı qeyri-bioloji varlığa çevriləcəklər. Görünür,

gələcəyin taleyi insan cəmiyyəti ilə süni intellekt cəmiyyətinin qarşılıqlı

münasibətlərinin necə qurulmasından asılı olacaqdır...

 

 

Bununla

əlaqədar olaraq, amerikalı biznesmen İlon Mask 2026-cı ilin yanvar ayında

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bütün cəmiyyəti

təəccübləndirən fikirlər səsləndirmişdir. Onun verdiyi proqnozlara görə,

2026-cı ilin sonuna kimi süni intellekt adi insanın təbii intellektindən,

2031-ci ilə kimi isə, bütövlükdə insan cəmiyyətinin kollektiv intellektindən

daha ağıllı olacaqdır.

Görünür

ali intellekt sahibi olan insan elə öz ağlı, öz əli ilə "cini şüşədən buraxıb”

və onun yenidən fəth olunması, "şüşəyə qaytarılması” qeyri-mümkün olacaqdır.

Bəlkə elə bununla da yeni bir sapiensin, ağıllı varlığın əsası qoyulubdur.

Haçansa homosapiensin meydana gəlməsi kimi...

 

Akademik

Rasim Əliquliyev

 

AMEA-nın müxbir üzvü

Ramiz Alıquliyev

Seçilən
75
7
ulusum.az

8Mənbələr